Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib
19 mart 2025-ci il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedra müdiri Vaqif Salmanov “Lazer ablyasiyası üsulu ilə InSe/GaS nanokompozitlərin sintezi və optik udma və lüminessensiya spektrləri” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Lazer ablyasiyası üsulu ilə InSe, GaS və InSe/GaS nanokompozitləri sintez edilmişdir. Nanohissəziklərin sintezi dalğa uzunluğu λ=1064nm, enerjisi 135mJ, tezliyi 7Hs, impulsun müddəti 10 ns olan Nd:YAG-lazeri vasitəsilə həyata keçirilmişdir. Optik udma və lüminessensiya spektrləri ikiqat dispersiyaya malik olan M833 monoxromatoru və 250-2000nm intervalında şüaları qəbul edə bilən detektor vasitəsilə ölçülmüşdür. Nanozərrəciklərin qadağan olunmuş zolaqlarının eni artaraq 2,15 eV (InSe), 3eV və 4eV(GaS) olmuşdur. Müəyyən edilmişdir ki, InSe/GaS nanokompozitləri geniş şüalanma spektrinə və effektiv şüalanmaya malikdirlər.