Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarı keçirilib
29 may 2024-cü il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının elmi seminarında kafedranın doktorantı Azadov Mustafa Rövşən oğlu “Kristallik IrTe2, RhTe2 və onların manqan ilə üçlü törəmələrinin kristallarının yetişdirilməsi və ellipsometrik tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, tədqiqatlarında kristallik IrTe2, RhTe2 və onların müxtəlif keçid metalları ilə üçlü törəmələrinin dizaynı, sintezi və monokristallarının yetişdirilməsi yollarını araşdırıb, xüsusilə onların digər maqnit xassəli keçid metalları ilə daha mürəkkəb törəmələrinin alınmasının kimyəvi və kristallokimyəvi dizaynı ilə bağlı məsələləri öyrənib. Rh-Te/Ir-Te ilə Mn, Ni, Co metallarının üçlü birləşmələrinin dizaynı yolları araşdırılıb, daha sonra isə bəhs edilən üçlü birləşmələr polikristal şəklində sintez edilib. Alınmış polikristallik nümunələr toz halına gətirildikdən sonra preslənərək spektroskopik ellipsometriya cihazında ölçmələri aparılıb.
Gələcəyin kvant tətbiqləri üçün qabaqcıl elektron xassələrə malik yeni kvant materiallarının dizaynı kondensə olunmuş hal fizikası və materialşünaslıq sahələrinin sərhədində ən aktual problemlərdən biridir. Keçid metallarının telluridlərinin, məsələn, IrTe2, RhTe2 və onların digər maqnetik keçid metalları ilə üçlü törəmələrinin kristal yetişdirilməsi və elektron xassələrinin dərindən öyrənilməsi bu kontekstdə əhəmiyyətli dərəcədə maraq doğurur. Binar IrTe2 və RhTe2 birləşmələri yeni kvant tətbiqləri üçün maraqlı fiziki xüsusiyyətlər nümayiş etdirir. Ona görə də müasir dövrdə onların daha mürəkkəb törəməlrinin dizaynı və öyrənilməsi gələcək kvant tətbiqləri baxımndan çox aktualdır