Yarımkeçiricilər fizikası kafedrasının müdirinin yubileyi
Bu gün Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Yarımkeçiricilər fizikası" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Salmanovun yubileyidir.
Vaqif Müseyib oğlu Salmanov 24 dekabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1959-cu ildə 199 saylı Bakı şəhər orta məktəbini qızıl medalla bitirib. 1959-cu ildə BDU-nun Fizika fakültəsinə daxil olub və 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1964-cü ildə BDU-nun Fizika fakültəsinin aspiranturasına Yarımkeçiricilər fizikası ixtisası üzrə daxil olub. Aspirantura təhsilini Sankt-Peterburq şəhərində Fizika və Texnika İnstitutunda davam etdirib. 1969-cu ildə dissertasiya müdafiə edərək "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1979-cu ildə dissertasiya müdafiə edərək "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 1981-ci ildə professor elmi adını alıb.
Vaqif Salmanov 1967-ci ildən BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasında işləməyə başlayıb. O, Yarımkeçiricilər fizikası kafedrasında 1968-1969-cu illərdə assistent, 1970-1981-ci illərdə baş müəllim vəzifələrində işləyib. 1982-1986-cı illərdə Əlcəzair Respublikasının Sidi-Bel-Abbas şəhərindəki Universitetin Fizika kafedrasının müdiri vəzifəsində çalışıb. 1992-1998-ci illərdə Təbriz Universitetinin “Tətbiqi Fizika Mərkəzi”ndə “Lazer spektroskopiyası” sahəsində elmi-tədqiqat işləri aparıb. 2015-ci ildən hal-hazıra qədər Yarımkeçiricilər fizikası kafedrasının professoru və müdiridir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Fizika üzrə Ekspert Şurasının sədri olub, indi isə AAK-ın Fizika və Astronomiya elmləri üzrə ekspert şurasının sədr müavinidir. 2014-cü ildən BDU-nun Elmi Şurasının katibidir.
Vaqif Salmanov A3B6 yarımkeçirici birləşmələrdə lazer şüalarının təsiri ilə qeyri-xətti optik və elektron proseslərinin tədqiqi sahəsində elmi tədqiqatlar aparır. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 300-dən çox elmi məqalənin, 2 monoqrafiya və 10 dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi ilə dissertasiya işini müdafiə edərək fizika elm sahəsi üzrə 8 nəfər Fəlsəfə doktoru, 1 nəfər isə elmlər doktoru elmi dərəcəsi alıb. 2009-cu ildə ona Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar müəllim" fəxri adı verilib, 2019-cu ildə isə "BDU-nun 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub.
Vaqif Salmanov zəhmətkeş alim, ustad pedaqoq olmaqla yanaşı, həm də incə qəlbli insan və gözəl ailə başçısıdır. Onun 2 qızı və 3 nəvəsi var. Həyat yoldaşı Adilə xanım professorudur. Qızları Sevda xanım BDU-nun Biologiya fakültəsinin, Nailə xanım isə Tarix fakültəsinin məzunlarıdır.
Fizika fakültəsi ailəsi olaraq Vaqif müəllimi 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.