Astrofizika kafedrasında elmi seminar keçirilib
14 mart 2024-cü il tarixində Fizika fakültəsi Astrofizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Xıdır Mikayılov “CH Cyg simbiotik ulduzun spektral və fotometrik xüsusiyyətləri’’ mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, bir qrup ulduzların spektrlərində soyuq ulduza məxsus udulma xətləri ilə yanaşı isti ulduza xarakterik olan parlaq şüalanma xətləri də müşahidə olunur. Keçən əsrin ortalarında bu ulduzların qoşalılığını spektroskopik üsullarla aşkar etmək mümkün olmadığından bu ulduzları simbiotiklər adlandırdılar. Biologiyada bu termin müxtəlif tip orqanizmlərin vahid canlı kimi birgə yaşamasını göstərir. Astronomiyada da bu xüsusiyyət uyğun gəlir. Belə ki, simbiotik sistem birgə mövcud olan iki tamamilə müxtəlif tip ulduzdan - qarşılıqlı təsirdə olan, soyuq qırmızı nəhəng (RG) və isti kompakt ağ cırtdandan (WD) ibarətdir. Bu cütlük bütövlükdə dumanlıqla əhatə olunmuşdur. Dumanlığın material mənbəyi öz maddəsini ulduz küləyi və ya pulsasiya ilə itirən qırmızı nəhəng ulduz, enerji mənbəyi isə isti ağ cırtdan hesab olunur. Qırmızı Nəhəngin radiusu 10-larla Günəş radiusu qədər, kütləsi isə bir neçə Günəş kütləsinə bərabərdir. Ağ Cırtdanın kütləsi 0.5-1 Günəş kütləsi qədər, ölçüsü isə Yerin ölçüsü tərtibindədir və təxminən 200 000 dəfə yerdən sıxdır. Əksər hallarda Qırmızı Nəhəng özünün Roş səthini doldurur və onun maddəsi Laqranj nöqtəsindən axır və Ağ Cırtdanın güclü qravitasiyası nəticəsində onun ətrafında toplanaraq disk əmələ gətirir. Simbiotik ulduzları öyrənməklə biz eyni zamanda 3 obyekti – Soyuq Qırmızı Nəhəngi, İsti Ağ Cırtdan və akkresiya diskini və qaz-toz dumanlığını öyrənə bilirik.
Xıdır Mikayılov qeyd edib ki, onun tədqiq etdiyi CH Cygni simbiotik ulduzu bu tip ulduzların Yerə ən yaxın, ən parlaq və aktiv nümayəndələrindən biridir. Ulduza qədər məsafə 270 parsek, vizual ulduz ölçüsü maksimumda V=6.5m, minimumda V=10.5m. CH Cyg simbiotik ulduzu digər simbiotoklərdən fərqli olaraq bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir.
CH Cygni simbiotik ulduzunda qoşa sistemlərə xarakterik olan bütün mümkün astrofiziki proseslər müşahidə olunur: CH Cyg ulduz pulsasiya, qoşa və çoxqat sistemlərdə maddə mübadiləsini, İstiqamətlənmiş şırnaq şəkilli püskürmələri –Jetləri, sayrışmaların (flickering) mənşəyini, akkresiya diskinin yaranması və dağılması hadisələrini başa düşmək və onların mənşəyini açmaq üçün ən optimal təbii laboratoriyadır.
CH Cyg simbiotik ulduzun (1929-2024) 94 illik parlaqlıq əyrisinin və udulma xətlərinin 60 illik (1961-2020) dövr üçün şüa sürətləri əyrisinin Furye Skargle analizi aparılmışdır. Parlaqlıq əyrisində ~95 və 752 günlük, Şüa sürəti əyrisində isə 752 günlük qısa 5650 günlük uzun periodlar aşkar edilib.
Şamaxı Astrofizika Rəsədxanasının 2-metrlik teleskopunda alınmış yüksək ayırd etməli spektrlər əsasında CH Cyg simbiotik ulduzun spektrlərində 2015 və 2017-ci illərdə yüksək sürətli, enli udulma komponentləri (absorbsiya cetləri) müşahidə olunub. 2015-2017-ci illərdə Ağ cırtdan ulduzu öz orbitinin periastrı yaxınlığında olub. 5650 günlük orbital hərəkətdə Ag Cırtdan periastra yaxın olduqda və bu zaman pulsasiya nəticəsində RG maksimal şişmə halında olursa və ya 3-cü ulduz Ağ Cırtdanla Qırmızı Nəhəng arasında olarsa, isti ulduz üzərinə daha çox maddə tökülür. Nəticədə ulduzun spektrində yüksək sürətli absorbsiyalar (cetlər) və həm də fotometrik və spektral sayrışmalar baş verir.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.