Astrofizika kafedrasının elmi seminarında simbiotik ulduzlar barədə danışılıb
30 oktyabr 2024-cü il tarixində Fizika fakültəsinin Astrofizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Xıdır Mikayılov “AG Peg simbiotik ulduzun spektral və fotometrik xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Simbiotik ulduzlar qarşılıqlı təsirdə olan qaz-toz dumanlığı ilə əhatə olunmuş qoşa sistemlərdir. Onlar inkişaf etmiş qırmızı nəhəng və isti komponentdən-ağ cırtdandan ibarətdir. Dumanlığın material mənbəyi öz maddəsini ulduz küləyi və ya pulsasiya vasitəsi ilə itirən qırmızı nəhəng, enerji mənbəyi isə isti ağ cırtdan hesab olunur. AG Peg simbiotik yenilər qrupuna aid edilir. İndiki dövrdə cəmi 8 yeniyə bənzər simbiotik ulduz məlumdur.
X.Mikayılov qeyd edib ki, onlar tərəfindən AG Peg simbiotik ulduzun AAVSO (American Association of Variable Star Observers) fotometrik məlumat bazasından istifadə edərək 68-illik (1954-2022-ci illər) dövr üçün Vis filtrdə parlaqlıq əyrisi qurulmuş və Scargle metodundan istifadə etməklə statistik spektral furye-analizini tədbiq edərək parlaqlıq əyrisində P=815d periodik dəyişmələr aşkar edilmişdir.
Eyni zamanda Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda optik lifli eşelle spektroqraf (ShAFES) vasitəsilə 2016-2020-ci illərdə alınmış spektrlər əsasında AG Peg simbiotik ulduzun spektral tədqiqi aparılmışdır. Udulma və şüalanma xətlərinin şüa sürətlərinin və simbiotik sistemin R parlaqlıq əyrisinin orbital faza diaqramı qurulmuşdur. Fazanın başlanğıcı qırmızı nəhəngin aşağı birləşmə anı götürülmüşdür. Parlaqlıq və şüa sürətləri əyriləri orbital fazalara görə çox yaxşı uzlaşır. Udulma və şüalanma xətlərinin şüa sürətləri əyriləri əks fazalı dəyişmə göstərirlər.
Ha, Hb, HeII l4686Å, HeII l5412 Å və FeII-yə məxsus emissiya xətlərinin profilləri tədqiq edilmiş profillərin strukturunun fazadan asılılığına baxılmışdır. Profillər 0.85-0.15 fazalarda qoşa, digər fazalarda isə tək komponentli struktur göstərirlər. İonlaşmış metalların emissiya xətləri isə 0 və ona yaxın fazalarda demək olar ki müşahidə olunmurlar. Bu onu göstərir ki, bu xətlərin formalaşdığı oblast orbital hərəkət nəticəsində qırmızı nəhəngin arxasında gizlənir. Lakin 0.5 fazası və yaxın ətrafda isə güclü emissiya xətləri müşahidə olunur. Bu zaman Qırmızı nəhəngin ağ cırtdan ətrafıdakı akkresiya diski tərəfindən qızdırılan tərəfi müşahidəçinin baxış istiqamətində olur. Bu səbəbdən ionlaşmış metal və ionlaşmış qazlara məxsus güclü emissiya xətləri müşahidə olunur.
Həmçinin HeII 4686 və Hb xətlərinə görə isti komponentin temperaturu təyin edilmişdir. Müşahidə periodu ərzində isti komponentin temperaturu 145000-200000 K aralığında qiymətlər göstərmişdir. Temperatur ilə R parlaqlıq əyrilərinin faza diaqramı qurulmuşdur. Temperaturun dəyişməsi ilə R parlıq əyrisi tamamilə əks fazalarda dəyişir.