BDU əməkdaşı seminarda İsveçrədə keçirilmiş yay məktəbində iştirakı barədə danışıb
12.09.2024 tarixində Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasının və Fizika fakültəsi Nanomaterialların kimyəvi fizikası kafedrasının birgə növbəti elmi seminar keçirilib. Elmi seminarda laboratoriyanın elmi işçisi, kafedranın saathesabı müəllimi Almara Əliyeva “International Summer School On Ion Beam Applications, Modelling And Training" mövzusunda çıxış edib.
Məruzəçi 11-16 avqust tarixlərində İsveçrənin Federal Laboratoriyalar İnstitunun Materialşünaslıq və Texnologiyalar üzrə laboratoriyasında Fokuslandırılmış ion texnologiyasının tətbiqi, modelləşdirilməsi və trainingi üzrə yay məktəbində iştirak edib. O, Materialşünaslıq və Texnologiyalar üzrə laboratoriyanın əsas tədqiqat sahələri, yeni növ nanomaterialların alınma texnologiyaları və tədqiqat metodları, nanomaterialların bərk maddələrin sürətli mübadiləsi, kimyəvi buxarın çökdürülməsi və qaz fazaya keçməklə alınma metodları haqqında qısa məlumat verdi. Həmçinin mərkəzin əsas tədqiqat fəaliyyətinin FEB/FIB alınma texnologiyasından istifadə etməklə bərpaolunan enerji texnologiyaları, nanotexnologiya və tibbdə tətbiq oluna bilən qeyri-planar quruluşların səthinin funksionallaşdırılması ilə yeni növ kiçik ölçülü materiallar, çox laylı nazik təbəqələr, nanokompozitlər və nanoborular kimi yeni növ nanostrukturlu materialların alınması, onların quruluş və xassələrinin idarə olunması olduğunu qeyd etdi. Seminarda kimyəvi buxarın çökdürülməsinin fokuslandırılmış ion (FIBIP) və elektron şüa texnologiyaları (FEBIP) vasitəsilə nanomaterialların sintezində istifadə olunan FIB-SEM mikroskopu haqqında da danışıldı. FIB-SEM, yüksək ayırdetmə qabiliyyətinə malik, keyfiyyətli təsvirlər əldə etməyə imkan verən SEM-in təkmilləşdirilmiş versiyası kimi qəbul edilə bilər. SEM ilə FIB-SEM arasındakı fərq ondan ibarətdir ki, SEM-də istifadə olunan elektron şüası FİB-də fokuslanmış ion şüası ilə əvəz olunur. Elektron şüasının fokuslanmış ion şüasına keçidi istisna olmaqla, iki üsul demək olar ki, eynidir. Seminarın sonunda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdı, FIB texnologiyalarının Azərbaycanda inkişaf etdirilməsi, bu məqsədlə Fizika İnstitutu ilə əməkdaşlıq məsələləri və bu sahədəki işlərə BDU-nun Fizika fakültəsinin tələbə və magistrlarının cəlb olunması yolları müzakirə olundu.