Bərk cisimlər fizikası kafedrasında keçirilmiş “Açıq dərs”
Məlumdur ki, tədris zamanı fakültə və kafedra rəhbərlərinin pedaqoji prosesdə ən çox diqqət yetirdikləri sahələrdən biri dərs sisteminə nəzarətdir. Dərsin təkmilləşdirilməsi, onun funksiyalarının genişləndirilməsi, imkanlarının artırılması istiqamətində tədqiqatlar aparılmasına baxmayaraq, onun mexanizmini, strukturunu, ayrı-ayrı cəhətlərini öyrənməyə və yeniləşdirməyə bu gün də böyük ehtiyac var. Ali tətsil müəissələrində struktur rəhbərləri bu mənada hər bir müəllimin öz iş metodunu müstəqil, yaradıcı şəkildə müəyyənləşdirməsinə şərait yaratmalı, rəsmi metodik qaydaların əsiri olmamalı, onu zorla müəllimlərə qəbul etdirməməlidir. Dərs müəllimlə tələbəni vahid məqsədə doğru aparmalı, onlar arasında qarşılıqlı fəaliyyət və humanist münasibət yaratmalıdır.
Ali məktəb təcrübəsində dərs dinləmə özünü gündəlik və açıq dərslərin müşahidəsi formasında göstərir. Açıq dərslər təlim işində təcrübə mübadiləsinə kömək edən vasitə kimi ən yaxşı dərs nümunələrini yaymaq məqsədi daşıyır. Digər tərəfdən, müəllimləri öz işinə tənqidi nəzərlə yanaşmağa sövq edir və onları başqalarının qabaqcıl təcrübəsini öyrənməyə istiqamətləndirir. Açıq dərslər tədris prosesində iştirak edən professor-müəllimlərin təlim işinə, metodik həyatına yeni ab-hava, təravət gətirməli, onun canlanmasına səbəb olmalıdır.
Açıq dərslərin səmərəsi onların düzgün təşkilindən bilavasitə asılıdır. Bu dərslərin mövzuları və dərs keçənlərin tərkibi hər bir kafedranın iclasında müəyyənləşdirilib Keyfiyyətin təminatı və monitorinq şöbəsinə təqdim edilməlidir. Mövzu proqramın nisbətən çətin bölmələrindən seçilməlidir ki, onun keçilməsi nümunəsində başqa müəllimləri öyrətmək mümkün olsun. Bundan başqa, həmin işin belə təşkili müəllimlərin məsuliyyətini və yaradıcılıq səyini artırmaqla yanaşı, həm də açıq dərsin elmi-metodik səmərəsini yüksəldir.
Açıq dərslərin məqsədi müəllimi yoxlamaq və işinə qiymət vermək deyil, qabaqcıl təcrübəni yaymaqdır. Açıq dərslər öyrədici xarakter daşıdığından onların təcrübəli müəllimlər tərəfindən aparılması daha düzgündür. Amma gənc müəllimlərin də açıq dərslər aparması təqdirəlayiq sayılır. Belə dərslərin gənc müəllimlər üçün böyük əhəmiyyəti vardır. Bu şərtlə ki, gənc müəllimin dərsə hazırlaşmasına kafedranın təcrübəli müəllimləri kömək göstərməli, istiqamət verilməlidir. Açıq dərs metodik işlərin sınanmış vasitəsidir. Bu dərsləri yüksək elmi-metodik səviyyədə təşkil etmək lazımdır ki, onun öyrədici təsiri güclü olsun.
Belə açıq dərslərdən biri 06 mart 2023-cü il tarixində Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının gənc müəllimi, doktorant Sahilə Sultanova tərəfindən keçirilmişdir. Dərsdə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, Bərk cisimlər fizikası kafedrasının müdiri Mehdi Mahmudov və kafedranın digər təcrübəli professor-müəllim heyəti iştirak etmişdir. Gənc müəllimin ümumnəzəri fizika kursunun əsas fənnlərindən olan “Klassik mexanika” fənnindən keçirdiyi məşğələ dərsi “Müxtəlif mexaniki sistemlərin Laqranj funksiyası” mövzusuna həsr olunmuşdur. Bu məqsədlə əvvəlcə müəllim tərəfindən mövzu ilə əlaqədar ümumi sorğu-sual aparılmış və tələbələrin bir çoxunun bu prosesdə aktiv iştirakı təmin olunmuş, sonra isə konkret tətbiqi xarakterli məsələlər tələbələrlə birlikdə həll edilmişdir. Bundan başqa müstəqil həll etmək üçün lövhəyə bir neçə tələbə dəvət olunmuşdur. Məşğələ dərsinin sonunda qrupun bir neçə tələbəsi məsələ həllinə və sorğu-sualda iştiraka görə qiymətləndirilmişdir. Ümumiyyətlə dərsin gedişatına görə gənc müəllim Sahilə Sultanovanın qarşıya qoyduğu məqsədə nail olduğunu demək olar. Sonda dərsin daha effektiv keçməsi üçün gənc müəllimə tövsiyə xarakterli məsləhətlər verilmişdir.