Dissertasiya işinin müdafiəsi keçirilib
11 noyabr 2022-ci ildə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik mərkəzinin elmi işçisi, "Nanomaterialların kimyəvi fizikası" kafedrasının qiyabi doktorantı Rəhimli Almara Məhəmmədəli qızının Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya şurasında 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün təqdim etdiyi "TiO2 nanohissəcikləri ilə modifikasiya olunmuş PVX əsaslı polimer nanokompozitlərin fotolüminessensiya və elektret xassələri" mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya Şurasının sədri AMEA-nın müxbir, professor Aydın Kazımzadə iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 12 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Həbibə Şirinova iddiaçı və Şuraya daxil olmuş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun sənədlərlə iştirakçıları tanış etdi. Almara Rəhimli dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Almara Rəhimli bildirdi ki, tədqiqat işi polyar, termoplastik polimer PVX və rutil fazalı TiO2 nanohissəcikləri əsaslı PVX/TiO2 nanokompozitlərinin alınmasının optimal texnoloji şəraitinin, onların quruluşu ilə lüminessensiya, elektrofiziki və elektret xassələri arasındakı asılılıqların qanunauyğunluqlarının və bu nanokompozitlərin mümkün tətbiq imkanlarının müəyyənləşdirilməsinə həsr olunb. İşdə, müxtəlif mikroskopik və spektroskopik üsuallarla doldurucunun konsentrasiyasından, texnoloji alınma şəraitindən və xarici təsirlərdən asılı olaraq PVX/TiO2 nanokompozitlərinin quruluşunda baş verən dəyişikliklər tədqiq olunmuş, müxtəlif konsentrasiyalarda TiO2 nanohissəcikləri ilə modifikasiya edilmiş PVX/TiO2 nanokompozitlərinin kristallaşmanın temperatur-zaman (KTZ) rejimindən asılı olaraq lüminessensiya və elektrofiziki xassələri araşdırılmış və ETP prosesinin PVX/TiO2 nanokompozitlərinin fotolüminessensiya xassələrinə və yüklənmə vəziyyətinə təsirinin qanunauyğunluqları müəyyən edilmişdir. Sonra rəsmi opponentlər AMEA-nın həqiq üzvü, professor Cavad Abdinov, f.r.e.d., dosent, Fərhad Rüstəmov, f.ü.f.d, dosent Aynurə Hadıyeva iddiaçı və dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvləri AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov və professor Əli Hüseynov, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov, f.r.e.d., professor Oqtay Səmədov, iddiaçının elmi rəhbəri f.e.d., dosent Hüseyn Məmmədov iddiaçı və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər. Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Almara Rəhimlinin fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki BFD 2.19 Dissertasiya Şurası Almara Məhəmmədəli qızı Rəhimliyə 2222.01 - Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!