Dissertasiya işinin müdafiəsi keçirilib
06 iyun 2024-cü ildə BDU-nun Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Güləhmədov Orxan Güləhməd oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya Şurasında 2222.01 - "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə “Mikro- və nanostrukturlu polisiloksan və neylon təbəqələr əsasında triboelektrik generatorlar“ mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Aydın Kazımzadə iclası açıq elan edərək 21 nəfər Şura üzvündən 20 nəfərinin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Orxan Güləhmədov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Orxan Güləhmədov bildirdi ki, müxtəlif alınma texnologiyaları əsasında PS və neylon təbəqələrin səthində mikro- və nanostrukturların, metal oksidi əsaslı nanokompoizit materialların yaradılmasına və onların TENG-in çıxış parametrlərinə təsiri mexanizmlərinin araşdırılmasına həsr edilmişdir. İşdə neylon/TiO2 nanokompozit materiallar əsasında əldə olunmuş TENG-lərin effektivliyinin nanohissəciklərin miqdarının ilkin artması ilə artdığı səthdə daha çox polyar yüklərin yaranması, TiO2-nin miqdarının sonrakı artımında TENG-in çıxış parametrlərində olan azalma nanohissəciklərin qeyri-bərabər paylanması ilə əlaqədardır. Lifli neylon təbəqələr əsasında hazırlanmış TENG-lərdə liflərin diametrinin 51 mkm-dən 35 mkm-ə qədər azaldılması ilə çıxış gücü 140%-ə qədər artır ki, bu da vahid səthə düşən friksion ötürmələrin eyni istiqamətli olması ilə əlaqədardır. İlk dəfə olaraq neylon/Fe3O4 nanokompozit materiallar əsasında hazırlanmış TENG-də çıxış gücünün artmasının Fe3O4-də kontakt elektriklənmə zamanı yaranan əlavə elektrik sahəsi ilə bağlı olduğu müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, PS təbəqələrinin səthində formalaşdırılan konusvari mikro teksturalar materialların bir-biri ilə aktiv təmas sahəsini və yekunda TENG-in çıxış gücünü artırır. Müxtəlif metodlarla hazırlanmış TENG-in çıxış gücü kontakt materiallarının fiziki parametrləri (dielektrik nüfuzluğu, maqnit qavrayıcılığı) ilə bərabər, həcmində nanoklasterlərin və səthdə süni teksturaların formalaşdırılması ilə artırıla bilər. Hazırlanmış oriqami strukturlu TEG-lər müxtəlif növ mexaniki enerji mənbələrindən elektrik enerjisinin təhlükəsiz generasiya edilməsində, portativ elektron cihazları – işıq diodu əsaslı şüalandırıcılar, bio- və termosensorlar, təzyiq qeydediciləri və s. üçün qidalandırıcı mənbə kimi istifadə edilə bilər.
Rəsmi opponentlər Azərbaycan Elm və Təhsil Nazirliyinin Biofizika İnstitunun rəhbəri, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oktay Kazım oğlu Qasımov, ADPU-nun Fizika fakültəsi, Ümumi fizika kafedrasının müdiri, fizika elmləri doktoru, professor Cahangir İslam oğlu Hüseynov, BDU-nun Fizika fakültəsi, Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru Aidə Baba qızı Əhmədova dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra, dissertasiya işinin elmi rəhbəri, BDU-nun Elm və innovasiyalar üzrə prorektoru və Fizika fakültəsinin "Fiziki elektronika" kafedrasının professoru, fizika elmləri doktoru, dosent Hüseyn Mikayıl oğlu Məmmədov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədi.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Orxan Güləhmədovun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki BFD 2.19 Dissertasiya Şurası Orxan Güləhməd oğlu Güləhmədova 2222.01 - "Nanoquruluşların fizikası və texnologiyası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!