Dissertasiya işinin müdafiəsi keçirilib
9 fevral 2024-cü ildə BDU-nun Fizika fakültəsinin "Yarımkeçiricilər fizikası" kafedrasının sabiq doktorantı Cəfərli Rüfət Seydi oğlunun BDU-nun nəzdində fəaliyyət göstərən BFD 2.19 Dissertasiya Şurasında 2222.01 – Nanoquruluşların fizikası və texnologiyası ixtisası üzrə "ZnS əsaslı nanoquruluşlu materialların optik və fotoelektrik xassələri " mövzusunda fizika üzrə fələsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri fizika elmləri doktoru, dosent Hüseyn Məmmədov iclası açıq elan edərək 21 nəfər Şura üzvündən 19 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.ü.f.d. Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Rüfət Cəfərli dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Rüfət Cəfərli bildirdi ki, dissertasiya işi, A2B6 qrupuna daxil olan yarımkeçirici birləşmələrin nanohissəciklərinin və nanoquruluşlu təbəqələrin, onların əsasında heterostrukturların kimyəvi, elektrokimyəvi və lazer ablyasiya metodları ilə alınması, onların xüsusiyyətlərinə texnoloji rejimin və aşqarların təsirinin müəyyənləşdirilməsinə, onlarda baş verən elektron proseslərin və cərəyankeçmə mexanizminin spepsifik xüsüsiyyətlərinin və ümumi qanunauyğunluqlarının müəyyən edilməsinə, eləcə də praktik tətbiq imkanlarının genişləndirilməsinə həsr edilmişdir.
Rəsmi opponentlər AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmlər doktoru professor Cavad Abdinov, fizika elmlər doktoru, professor Cahangir Hüseynov, fizika elmlər doktoru, professor Adil Abdullayev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Fizika Fakultəsinin dekanı fizika üzrə elmlər doktoru Bəxtiyar Paşayev və dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmlər doktoru professor Maarif Cəfərov iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söylədilər.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Rüfət Cəfərlinin fizika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki BFD 2.19 Dissertasiya Şurası Rüfət Seydi oğlu Cəfərliyə 2222.01 – “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!