Elmi dünyagörüşünün formalaşmasında Astronomiyanın rolu barədə elmi seminar keçirilib
9 oktyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş tədbirlər çərçivəsində Fizika fakültəsinin təşkilatçılığı ilə təbiət fakültələrinin müəllim və tələbələri üçün elmi-populyar seminar keçirilib. Seminarda Astrofizika kafedrasının dosenti Bayram Rüstəmov “Elmi dünyagörüşünün formalaşmasında atronomiyanın rolu” mövsunda məruzə ilə çıxış edib.
Əvvəlcə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Ümumdünya Kosmos Həftəsinin təsis olunaması tarixi barədə danışaraq qeyd edib ki, 4 oktyabr 1957-ci ildə Yerin ilk süni peyki buraxılıb və beləliklə kosmik eranın başlanğıcı qoyulub. 10 oktyabr 1967-ci ildə “Kosmik fəzanın, o cümlədən Ayın və digər göy cisimlərinin tədqiqi və dinc məqsədlərlə istifadəsi üzrə dövlətlərin fəaliyyətini tənzimləyən prinsiplər haqqında” müqavilə imzalanıb. 6 dekabr 1999-cu ildə BMT-nin Baş Məclisi Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqda qərar qəbul edib. 2000-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il oktyabrın 4-dən 10-dək Ümumdünya Kosmos Həftəsi qeyd olunur. Hər il üçün Ümumdünya Kosmos Həftəsinin mövzusu seçilir. 2024-cü il Ümumdünya Kosmos Həftəsinin mövzusu “Kosmos və İqlim Dəyişkənliyi” kimi müəyyənləşdirilib və kosmik texnologiyanın bəşəriyyətin iqlim dəyişikliyi ilə mübarizəsində fəal istifadəsinə həsr olunub. Bəxtiyar Paşayev əlavə edib ki, 2024-cü il Ümumdünya Kosmos Həftəsi Azərbaycan üçün həm də onunla əlamətdardır ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il noyabr ayının 11-21 tarixlərində Bakıda keçiriləcək.
Sonra Bayram Rüstəmov kosmik tədqiqatların stimullaşdırdığı kosmik texnologiyaların inqilabi nailiyyətlərinin Kainatın öyrənilməsinə verdiyi möhtəşəm töhfələrlə yanaşı, yerdə gündəlik həyatımızın bütün sahələrinə nüfuz etməsi barədə geniş məlumat verdi. Kosmosun tədqiqinin əlamətdar xüsusiyyətlərindən biri qabaqcıl texnologiyaların müntəzəm olaraq yenilənməsidir. Kosmosun tədqiqi üçün hazırlanmış bir çox texnologiya evlərimizə və iş yerlərimizə daxil olmaqla bütün dünyada insanların həyat keyfiyyətini yaxşılaşdırdı.
Məruzəçi bildirib ki, Kosmik gəmini səmərəli idarə etmək üçün kompakt, həm də güclü elektronika tələb olunur. Texnologiyanı daha kiçik və daha səmərəli etmək istəyi gündəlik həyatımızda özünə yer etmiş smartfon, planşet və digər cihazların yaranmasına səbəb olub. Kosmik tədqiqatlar üçün nəzərdə tutulmuş Yer orbitindəki peyklər indi qlobal rabitə şəbəkələrinin əsasını təşkil edir. Onlar GPS naviqasiyasından tutmuş peyk televiziyasına və yüksək sürətli internetə qədər hər şeyə imkan verir. Kosmik tədqiqatlar yerüstü və hava nəqliyatının inkişafına təkan verdi. Təyyarələr indi təhlükəsizliyi və səmərəliliyi artıran peyk naviqasiya və rabitə sistemlərindən faydalanır. Kosmik texnologiyanın səhiyyəyə birbaşa cıxışı təmin edilib. Dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişikliyi kosmik texnologiyadan istifadə etməklə diqqətlə izlənilir.
Məruzəçi həmçinin, astronomiya elminin inkişafı tarixinə istinadlarla bəşəriyyətin elmi dünyagörüşünün formalaşmasında astronomiyan müstəsna rolu barədə ətraflı məlumat verdi. Nəticə olaraq məruzəçi qeyd etdiki, Kosmik texnologoyanın möhtəşəm tərəqqisi nəticəsində bu gün astrofizika elmi Kainat obyektlərini tədqiq etməklə yanaşı, kosmosda mövcud olan ekstremal fiziki şəraitlərdə mövcud fizika qanunlarının sınaqdan çıxarılması istiqamətində mühüm tədqiqatlar aparır.
Sonda mövzu üzrə müzakirələr aparıldı və suallar cavablandırıldı.