Elmi seminarda Ağıllı suvarma texnologiyası müzakirə olunub
17 fevral 2025-ci il tarixində Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsinin qalibi olmuş Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi Sra Rəhimzadə “Ağıllı Suvarma Texnologiyasının (SmAgTech) yaradılması” layihəsi üzrə məlumatı dinlənilib. Əvvəlcə BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri Mais Süleymanov çıxış edərək layihədə həll olunan problemin bu günkü dünya üçün, xüsusilə Azərbaycan üçün aktula olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki dünyanı gözləyən quraqlıq problemi keçən il Bakıda keçirilmiş COP-29 tədbirində də ciddi müzakirə olunub və bu nöqteyi-nəzərdən Azərbaycan risk qrupuna daxil olan ölkələr sırasındadır. Ona görə də belə layihələr dəstəklənməlidir. Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev də təqdim olunan layihənin əhəmiyyətindən danışıb, eyni zamanda gənclərin bu cür tədqiqatlara maraq göstərməsinin zəruri olduğunu bildirib. Sonra layihənin icrası ilə bağlı videoçarx nümayiş olunub. Layihə rəhbəri Sara Rəhimzadə qeyd edib ki, təqdim olunan layihə KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. “Ağıllı Suvarma Texnologiyası (SmAgTech)” yaradılması layihəsi kiçik maliyyəli və yüksək keyfiyyətli ağıllı suvarma texnologiyasının hazırlanmasına yönəlib. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli həyata keçirmək və kənd təsərrüfatı sahəsində daha yüksək məhsuldarlıq əldə etməkdir. Layihədə uzaqdan idarə vasitəsilə əkin sahələri, tarlalar və istixanaların uzaqdan monitorinqinin təmin edilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə bir çox parametrin, o cümlədən torpaq nəmliyi, temperatur, torpaqdakı duzluluq səviyyəsi kimi göstəricilərin canlı izlənməsi mümkündür. SmAgTech vasitəsilə bitkilərin avtomatik gübrələnməsi də mümkündür. Hazırlanmış qurğuda zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb. Layihə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə və Bakı Dövlət Universitetinin təşkilatı dəstəyi ilə həyata keçirilib.
Təqdim olunan məlumatlar seminar iştirakçılarının marağına səbəb olub və ətraflı müzakirələr aparılıb.