Elmi seminarda maye kristallar haqqında danışılıb
23 noyabr 2023-cü il tarixində Fizika fakültəsi Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının elmi seminarı keçirilib. Seminarda Abbas İmaməliyev “Maye kristallar və onların tətbiqi” mövzusunda məruzə edib. A.İmaməliyev qeyd edib ki, maddənin maye kristal halında eyni zamanda kristallara xas olan anizotropiya (optik ox) və mayelərə xas olan axıcılıq müşahidə olunur. Bu hal molekulları çubuq və ya disk formasında olan bəzi üzvi maddələrdə müəyyən temperatur intervalında müşahidə olunur (termotropik maye kristallar). Bəzi məhlullarda müəyyən konsentrasiya intervalında da maye kristal fazası mövcud ola bilər (liotrop maye kristallar). Qeyd olunub ki, maye kristalların müxtəlif fazaları mövcuddur. Ən sadə maye kristal fazası nematik fazadır. Burada çubuqşəkilli molekullar bir istiqamətdə (optik ox) yönəlirlər. Nematik maye kristallarda yalnız oriyentasiya nizamı var, kristallara məxsus translasiya nizamı isə yoxdur, Smektik maye kristallarda isə oriyentasiya nizamından başqa translasiya nizamı da var: molekulların kütlə mərkəzləri, aralarında bərabər məsafə olan paralel müstəvilərdə yerləşirlər. Çubuqşəkilli molekullar heç bir simmetriya elementinə malik olmadıqda (kiral molekullar) maye kristal spiralvarı quruluş göstərir, yəni optik ox, ona perpendikulyar istiqamətdə tədricən burulur. Belə maye kristallar xolesteriklər adlanır.
Məruzəçi maye kristalların tətbiqlərindən danışarkən qeyd edib ki, maye kristallar maddənin unikal bir halı olduğu üçün onlara şox böyük elmi maraq var. Lakin maye kristallara göstərilən böyük maraq daha çox onların praktik tətbiqləri ilə, xüsusən də displey texnikasında tətbiqi ilə bağlıdır. İlk nazik ekranlar (flat panel displays) maye kristallar əsasında düzəldilib. Digər texnologiyaya əsaslanan yastı displeylər də var: plazma, LED və s. Lakin maye kristallar əsasında düzəldilən displeylər başqaları ilə müqayisədə bir sıra aşkar üstünlüklərə malikdirlər: ölçülərin kiçik olması, istehsal texnologiyasının nisbətən sadəliyi, maya dəyərinin aşağı olması, gözə və sinir sisteminə ən az zərər verməsi, çox az enerji sərfiyyatı və s.
Maye kristalların displeylər xaricində də çoxlu tətbiqləri var: onların əsasında qeyri-xətti kondensatorlar, termoxrom təbəqələr, sensorlar, smart pərdələr, işıq modulyatorları, tezliyi idarə oluna bilən lazerlər və s. düzəldilir. Bütün bu tətbiqlərin əsasında maye kristalın optik oxunun xarici təsirlə (elektrik və maqnit sahələri, temperatur, mexaniki gərginlik və s.) idarə olunması dayanır.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.