Elmi seminarda Nanohissəciklərin stabilləşmə mexanizmləri müzakirə olunub
06 noyabr 2024-cü il tarixində Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrası ilə BDU Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməlik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının birgə növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Flora Hacıyeva “Nanohissəciklərin kolloid mühitlərdə stabilləşmə mexanizmi” mövzusunda çıxış edib. Flora Hacıyeva nanohissəciklərin və nanomaterialların ölçülərinin 1-100 nm tərtibində məhdudlaşdırılmasında fəza məhdudiyyətli sistemlərdən hesab olunan kolloid nanoreaktorların rolu haqda məlumat verib. O, həmçinin vurğulayıb ki, nanohissəciklərin stabilləşməsində kolloid nanoreaktorlar kimi səthi-aktiv maddələr, emulsiyalar, misellər, dendrimerlər, Lengmür-Blodjet təbəqələri, adsorbsiya təbəqələri, maye kristallar, polimer makromolekulları və sair istifadə olunur. Flora Hacıyeva nanohissəciklərin kolloid mühitlərdə stabilləşmə mexanizmi haqda məlumat vererək qeyd edib ki, nanohissəciklərin stabilləşməsi əsasən elektrostatik və sterik stabilləşmə mexanizmi üzrə baş verir. O, nanohissəciklərin kolloid mühitlərdə zol-gel, solvotermal və hidrotermal, sonokimyəvi, kimyəvi birgə çökdürmə, kimyəvi reduksiya, radiasiya kimyəvi reduksiyası, fotokimyəvi reduksiya, dendrimerlərdə sintez, polimer makromolekullarda sintez kimi üsulları, bu üsulların mexanizmi və əsas xüsusiyyətləri barədə geniş məlumat verib. Həmçinin, məruzəçi qeyd edib ki, nanohissəciklərin ölçü və disperslik dərəcəsinə ilkin prekursorların təbiəti, konsentrasiyası, onların nisbəti, kolloid nanoreaktorun təbiəti və konsentrasiyası, reaskiyanın temperaturu, turşuluğu, qarışma sürəti və digər texnoloji faktorlar çox güclü təsir edir. Flora Hacıyeva sintez və stabilizasiya etdikləri müxtəlif təbitətli metal, metal oksid, metal sulfid nanohissəciklərinin alınması və stabilləşməsi və onlar əsasında aktiv xassələrə malik polimer nanokompozitlərin alınmasına dair məlumatı da seminar iştirakçılarının nəzərinə çatdırıb. Bu nanokompozit materialların elmin ve texnikanın bir çox sahələrində, o cümlədən, radar texnikasında, maqnit sensor, elektret sensor texnikasında, ekologiyada, tibbdə və sair sahələrdə tətbiq imkanlarının geniş olmasını xüsusi vurğulayıb.