Elmi seminarda neftlə çirklənmiş suların təmizlənməsi məzələləri müzakirə olunub
03 aprel 2025-ci il tarixində Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrası, BDU Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməlik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyası və Ekologiya fakültəsi “Ekoloji kimya” kafedrasınin birgə elmi seminarı keçirilib. Seminarda kimya elmləri doktoru, dosent Flora Hacıyeva və Ekoloji kimya kafedrasının 2391.01-Ekoloji kimya ixtisası üzrə doktorantı Ülkər Abdullayeva “Bitki mənşəli bionanoadsorbentlər və onların neftlə çirklənmiş suların təmizlənməsində tətbiqi” mövzusunda məruzə təqdim ediblər. Ülkər Abdullayeva neft və neft məhsulları ilə çirklənmiş suların hazırda ciddi ekoloji problem olduğunu, neftlə çirklənmiş suların təmizlənməsində tətbiq olunan mövcud olan müxtəlif üsullar haqda ədəbiyyta məlumatlarını diqqətə çatdırıb və apardığı tədqiqatların neftin təmizlənməsində nar qabığı və Fe3O4 nanohissəcikləri əsasında yeni bionansorbentlərin alınması və tədiqinə həsr olunduğunu vurğulayıb. Ülkər Abdullayeva nar qabığının təbii biotullantı olduğunu, Azərbaycanın böyük miqdarda nar qabığı tullantısına malik olması, nanodoldurucu kimi istifadə olunan Fe3O4 nanohissciklərinin isə maya dəyərinin ucuz olması, toksik olmaması, güclü superparamaqnit xassələrinə və sorbsiya xüsusiyyətlərinə malik olmasını qeyd edib. O, həmçinin nar qabığı və Fe3O4 nanohissəcikləri əsasında əldə etmiş yeni bionanosorbentlərin sintezi, neftin təmizlənməsinə dair apardığı tədqiqatlar, həmçinin sorbsiyasının kinetikasının aparılması barədə ətraflı məlumat verib. Bildirib ki, həm təmiz nar qabığı, həmdə nar qabığı və Fe3O4 nanohissəcikləri əsasında alınmış bionanoadsorbentlərin müxtəlif texnoloji şəraitlərdə, o cümlədən mühitin pH-dan, sorbentlərin miqdarından, Fe3O4 nanohissəciklərinin miqdarından, neftin konsentrasiyasından, reaksiya temperaturundan asılı olaraq neftin təmizlənməsində effektivliyi yoxlanılıb. Müəyyən edilib ki, Fe3O4 nanohissəciklərinin nar qabığına əlavə edilməsi sorbentin sorbsiya qabiliyyətini çox güclü artırır və 0.5 gram nanosorbent 78 g/l nefti 82% effektivliklə sorbsiya edir. Superparamaqnit Fe3O4 nanohissəcikləri maqnit sahəsinin çox kiçik intensivliklərində neftin su səthindən yığılmasına və sorbentdən nefti asanlıqla regenerasiya edərək təkrar istifadəsinə geniş imkan yaradır. Flora Hacıyeva sintez olunan bionanosorbentlərin quruluşunun müxtəlif müasir tədqiqat metodları (Skanedici elektron mikroskopiyası, İnfraqırmızı spektroskopiya, termogravimetrik analiz metodu və sair) ilə tədqiqi və sorbentlərin quruluş-xassə arasındakı əlaqə barədə məlumatları seminar iştirakçıların nəzərinə çatdırıb. O, sorbentlərin maksimal sorbsiya tutumunun Lengmür modeli ilə təyin edildiyini, həmçinin sorbsiyanın kinetikasının psevdo birinci kinetik tənliklə təyin edilərək fiziki adsorbsiya olmasının müəyyən edilməsi barədə məlumat verib. Daha sonra Flora Hacıyeva və Ülkər Abdullayeva seminar iştirakçılarının suallarını cavablandırıblar.