Fizika fakültəsi “Maddə quruluşu” kafedrasının seminarı keçirilib
13 aprel 2023-cü il tarixində “Maddə quruluşu” kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın 2-ci kurs magistrantları apardıqları tədqiqatların nəticələrini məruzə ediblər. Belə ki, Aysu Əhmədova (Elmi rəhbər: f.r.e.n. Niyazi Həsənov) “PEQ-DEKSTRAN-SU İKİFAZALI SİSTEMLƏRİNİN HAL DİAQRAMINA
NaCl DUZUNUN TƏSİRİ” mövzusunda çıxışında PEQ-Dek-su ikifazalı sisteminin əsas xarakteristikalarından biri olan hal diaqramına aid nəticələri təqdim edib. O, qeyd edib ki, hal diaqramına 0.05 mol/l, 0.15 mol/l, 0.25 mol/l və 0.35 mol/l NaCl duzunun təsirinə baxılıb, aşağı konsentrasiyalı, yəni 0.05 mol/l NaCl-un təsiri ilə ikifazalı sistemin binodal əyrisinin koordinat başlanğıcına tərəf sürüşməsi, birləşdirici xəttin meyl bucağının qiymətinin azalması, kritik nöqtənin isə sola tərəf sürüşməsi müəyyən olunub. Buna səbəb isə odur ki, 0.05 mol/l NaCl duzunun təsiri ilə ikifazalı sistemin tərkibindəki mühit rolunu oynayan su strukturlaşır, bunun nəticəsində mühitdə sərbəst su molekullarının sayı azalır, bağlı su molekullarının sayı artır, həllolma prosesi çətinləşir, sistemdə fazalara ayrılma sürətlənir və fazaəmələgəlmə komponentlərin konsentrasiyalarının daha kiçik qiymətində baş verir. Duzun konsentrasiyası artdıqca, 0.15 mol/l və 0.25 mol/l NaCl məhlulu təsirinə baxılan zaman isə uyğun binodal əyrilər koordinat başlanğıcından uzaqlaşır, birləşdirici xətlərin meyl bucağının qiymətləri böyüyür, kritik nöqtələr isə sağa tərəf sürüşürlər. 0.35 mol/l konsentrasiyalı NaCl duzunun təsiri ilə isə binodal əyrisi əsas binodaldan yuxarı qalxır, birləşdirici xəttin qiyməti böyüyür, kritik nöqtə isə sağ yuxarı sürüşür. Bunun səbəbi isə ondan ibarətdir ki, duzun məhlulda konsentrasiyası artdıqca duz molekullarının sistemə təsiri artır, NaCl mühitdəki su molekullarının strukturuna dağıdıcı təsir göstərir, beləliklə həllolma prosesi asanlaşır, fazaəmələgəlmə çətinləşir və faza yaranmağı üçün komponentlərin daha böyük konsentrasiyaları tələb olunur.
Xatirə Baloqlanova “Nüvə reaktoru mühitində sirkonium əsaslı materiallarda defektəmələgəlmə prosesləri” (Elmi rəhbər: akademik Adil Qəribov) mövzusunda çıxışında nüvə reaktor mühitində istifadə edilən istilikayırıcı element kimi götürülmüş sirkonium materialı və bu materialın nüvə reaktor mühiti üçün mahiyyətinin nədən ibarət olması haqqında məlumat verib. O, göstərib ki, neytronların sirkonium atom nüvəsi ilə hər elastik toqquşması zamanı enerji dəyişməsi, toqquşma zamanı sirkonium nüvəsinə verilən təpmə enerjisi müvafiq düsturlar əsasında hesablanıb. Neytronların sirkonium nüvəsindən səpilməsi zamanı enerji itirmə prosesinin parametrləri hesablanıb və qeyd olunub. Həmçinin reaktor mühitində sirkoniumda defektəmələgəlmə proseslərin sürəti verilmiş formula əsasında hesablanıb.
Magistrantların çıxışları maraqla qarşılanıb, müzakirələrdə kafedra alimləri onlara dəyərli tövsiyələrini çatdırıblar.