Fizika fakültəsində “Gələcəyin alimləri” tələbələrin elmi konfransı keçirilib
Fizika fakültəsində “Heydər Əliyev ili” ilə bağlı silsilə tədbirlər çərçivəsində 12 aprel 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tələbələrin “Gələcəyin alimləri” adlı VIII elmi konfransı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bötüvlüyünün qorunması uğrunda canlarını vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri professor Mais Süleymanov çıxış edərək konfrans iştirakçılarına BDU rəhbərliyinin təbriklərini çatdırdı. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, keçən əsrin 70-ci illərində ölkəmizdə elmin yeni sahələrinin təşəkkül tapması üçün gördüyü işlər barədə danışdı və tələbə elmi konfransının keçirilməsinin gələcək elmi tədqiqatçıların yetişməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Sonra fakültə dekanı Bəxtiyar Paşayev tələbə elmi konfransının tarixindən danışaraq gələcək yüksək ixtisaslı və səriştəli insan kapitalının yetişdirilməsi istiqamətində dövlətin Universitet qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsində tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətini qeyd etdi. O, hazırkı konfransa 120-yə yaxın tezisin təqdim edildiyini, onların içərisindən 108-nin seçilərək konfrans materiallarına daxil olunduğunu, 2 məruzənin plenar iclasda, qalan işlərin isə bölmələrdə dinlənəcəyini nəzərə çatdırdı. Fizika fakültəsi “Yarımkeçiricilər fizikası” kafedrasının müdiri Vaqif Salmanov Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü, Azərbaycanda elmin inkişafında onun xidmətlərinin əvəzedilməz olduğunu qeyd etdi. Plenar iclasda Fizika fakültəsi “Sabah” qrupları IV kurs tələbəsi Əsmər Əliyeva “Qan və toxuma mayelərində oksigen və karbon dioksidin daşınmasında Bohr effekti”” (elmi rəhbər Şəhla Hacıyeva) mövzusunda, IV kurs tələbəsi Sevinc Gülməmmədova “Xizinlə funksionallaşdırılmış maqnetit nanohissəciklərin quruluş xüsusiyyətləri”” (elmi rəhbər Aynurə Kərimova) mövzusunda, məruzə etdilər. Hər iki məruzə maraqla qarşılandı. Bundan sonra konfransın işi bölmələrdə davam etdirildi. “Nəzəri fizika və astrofizika” bölməsində 19, “Molekulyar fizika” bölməsində 23, “Bərk cisimlər fizikası” bölməsində 43, “Fizikanın tədrisi metodikası” bölməsində 23 məruzə dinlənildi. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olundu. Fizikanın aktual problemlərini əhatə edən tələbələrin tədqiqat işləri professor-müəllim heyəti tərəfindən yüksək qiymətləndirildi.