Fizika fakültəsində magistrantların elmi seminarı keçirilib
15 iyun 2024-cü il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında “Fizika fənninin tədrisi metodikası və metodologiyası ” ixtisaslaşması üzrə təhsil alan magistrantların dissertasiya işlərinin ilkin müzakirəsinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda II kurs magistrantları Babayeva Fatimə Şakir qızı, Məmmədova Elsanə Mehman qızı və Alıyeva Ellada Telman qızı məruzə ediblər.
Fatimə Babayeva “Orta məktəbdə fizika tədrisinin digər fənnlər və elmi-texniki tərəqqi ilə əlaqəli tədrisi” adlı məruzəsində bildirib ki, politexnik təlimin həyata keçirilməsində fizikanın rolu olduqca böyükdür. Fizika – texnikanın elmi əsasıdır. Orta ümumtəhsil məktəblərində fizikanın daha dərindən mənimsənilməsi və biliklərin genişləndirilməsi üçün fənlərarası inteqrasiyadan geniş istifadə edilməlidir. Fənlərarası inteqrasiya vasitəsi ilə şagirdlərin biliyini sistemləşdirmək, real aləm haqqında onlarda tam mənzərə yaratmaq, hadisələrin qarşılıqlı dialektik əlaqəsini formalaşdırmaq olar. Şagirdlərdə fizikaya marağın artırılması və peşə yönümlü təlim üçün elmi-texniki tərəqqinin əhəmiyyətinin artırılması zəruridir. Politexnik təlim sisteminin düzgün təşkili şagirdlərdə kollektivçilik, vətənpərvərlik, intizamlılıq kimi əxlaqi keyfiyyətləri möhkəmləndirir, onlarda müxtəlif peşə sahələrinə maraq oyadır. Politexnik təlim şagirdlərin fikri fəallığını artırır, onlarda praktik düşüncənin inkişafına stimul verir.
Elsanə Məmmədova “Orta məktəb fizika kursunda molekulyar fizika bölməsinə aid nümayiş eksperimenti” adlı məruzəsində bildirib ki, tədqiqatın obyekti kimi müxtəlif tədris müəssəsələrində, əsas və tam orta məktəblərdə molekulyar fizika kursunun əsas mövzularının fakültativ məşğələlərdə müasir təhsil sisteminə uyğun olaraq tədrisinin təşkili və tədrisi metodikası götürülüb. Tədqiqatın mövzusu müxtəlif tədris proseslərini əhatə edir. Hər bir metodun və onun nəticələrinin daha dərindən başa düşülməsinə kömək edir. Molekulyar fizika üzrə məsələrin həllində fakültativ məşğələlərdən istifadənin əsas məqsədi ənənəvi öyrənmə hüdudlarından kənara çıxmaqdır. Burada söhbət hərtərəfli dərketmə, problem həlletmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Ellada Alıyeva “Fakültətiv məşğələlərdə fizika məsələlərinin həlli metodikası” adlı məruzəsində bildiribr ki, Fakültətiv məşğələlərdə mexanika məslələrinin həlli metodu fizika təhsili sahəsində çox aktual və həlledici olaraq qalır. Nəzəri anlayışları real dünya vəziyyətlərinə tətbiq etmək bacarığı müxtəlif elmi və mühəndislik sahələrində həlledici səriştə olan problem həlletmə bacarıqlarını gücləndirir. Texnologiyanın inkişafı ilə təhsil metodları da inkişaf edir. Mexanikanın tədrisində onlayn platformalar, simulyasiyalar və interaktiv təlim alətləri getdikcə daha çox istifadə olunur. Fakültətiv məşğələlər şagirdləri problemlərə müxtəlif istiqamətlərdən yanaşmağa çağırır, analitik bacarıqları və həllərin hazırlanmasında yaradıcılığı inkişaf etdirir. Bu idrak qabiliyyətləri həm akademik, həm də peşəkar şəraitdə dəyərlidir. Tədqiqatın obyekti kimi, müxtəlif tədris müəssisələrində əsas və tam orta məktəblərdə mexanika kursunun əsas dərslikdə tədris olunan mövzularının fakültətiv məşğələlərdə müasir təhsil sisteminə uyğun olaraq tədrisinin təşkili və tədrisi metodikası götürülüb.
Məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar. Dissertasiya işləri müsbət qiymətləndirilib və Yekun Dövlət Attestasiyasına təqdim olunması təklif edilib.