Fizika fakültəsinin elmi seminarında suyun rolundan danışılıb
29 fevral 2024-cü il tarixində Fizika fakültəsinin Ümumi fizika və FTM kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Eldar Qarayev “Bioloji sistemlərdə suyun rolu” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi qeyd edib ki, su - təbiətdə ən çox yayılmış qeyri-adi maddədir. Planetimizin geoloji tarixində, mühitdə canlılar aləminin əmələ gəlməsində və iqlim şəraitinin formalaşmasında - həyat mənbəyi kimi çox böyük rolu olan bu maddə hələ antik dövrlərdə öz möcüzəli xassələrinə görə alimlərin nəzər-diqqətini cəlb etmişdir. Su - böyük enerjili şüalanmasını udma qabiliyyətinə malikdir və canlı orqanizmlərdə enerjinin ötürülməsində böyük rol oynayır. Məsələ burasındadır ki, suyun qeyri-adi olmayan hər hansı bir xassəsini tapmaq mümkün deyildir. Başqa sözlə, temperaturdan, təzyiqdən və diyər amillərdən asılı olaraq suyun müəyyən xassəsi dəyişir.
Demək olar ki, bioloji funksiyalar, əsasən suyun strukturunun nizamlanmasına, va da dağılmasına yönəlmişdir. XIX əsrin sonlarında müşahidə olunmuşdur ki, termodinamik uyuşmaz elə polimer cütləri vardır ki, hər hansı həlledicidə bu polimerlərin konsentrasiyalarının müəyyən qiymətlərində fazalara ayrılma baş verir və eyni zamanda tarazlıqda olan iki fazadan ibarət sistem alınır. Sistemin fazalarının hər biri polimerlərdən hər hansı biri ilə zənginləşmiş olur və hər iki fazanın əsasını su təşkil edir. Bu hadisənin praktik tətbiq imkanları ilk dəfə olaraq İsveç tədqiqatçısı Albertson tərəfindən işıqlandırılmışdır. O, müəyyənləşdirmişdir ki, bioloji mənşəli maddələri (zülallar, nuklein turşuları və s.), bioloji hissəcikləri (hüceyrə, virus və s.) ikifazalı sulu polimer sistemlərində həll edərkən həmin maddələrin sistemin eyni zamanda tarazlıqda olan fazaları arasında qeyri-bərabər paylanması baş verir. Digər tərəfdən göstərilmişdir ki, biopolimerlər və ya həll olunan maddələr bir-birilə qarşılıqlı təsirdə olmur və paylanma fərdi qaydada baş verir. Müşahidələr nəticəsində ikifazalı sulu polimer sistemlərindən, bioloji hissəciklərin təmizlənməsi, ayrılması və yüksək molekullu birləşmələrin fraksiyalara ayrılmasında istifadə edilmişdir. Polimer-su ikifazalı sistemlərin əsas xarakteristikalarından biri də onun binodal əyrisinin olmasıdır.
Təcrübi faktlar göstərir ki, suyun termodinamik halı, su mühitində müşahidə olunan hidrofob effektin intensivliyinə əsaslı təsir göstərir. Xüsusi halda, təcrübi nəticələrin təhlili nəticəsində məlum oldu ki, bioloji sistemlərin makromolekulyar komponentləri, bu sistemlərdəki suyun halına (quruluşuna) təsir göstərir və bu təsir nəticəsində suyun quruluşunda baş verən dəyişikliklər su mühitində hidrofob effektin intensivliyini dəyişdirir. Hidrofob effektin intensivliyinin dəyişməsi isə öz növbəsində canlı orqanizmdə biomolekulların funksionallığına və maddələrin daşınmasına təsir göstərir. Mövcud eksperimental metodların müqayisəli təhlili, hörmətli alimimiz Eldar Məsimova, əməkdaşları ilə birlikdə makromolekulların suyun termodinamik halına təsirini kəmiyyətcə qiymətləndirmək üçün yeni metod işləyib hazırlamağa imkan yaratdı.
Sonda məruzə ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.