Fiziki elektronika kafedrasının elmi seminarı keçirilib
10 oktyabr 2024-cü il tarixində Fizika fakültəsi Fiziki elektronika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedra müdiri professor Əhməd Abdinov “Laylı kristal quruluşlu AIIIBVI yarımkeçiricilərində yaddaş effektləri: fiziki mahiyəti və praktiki tətbiq imkanları” mövzusunda çıxış edib.
Məruzəçi bildirib ki, müasir elektronikanın ən maraqlı, geniş tətbiq tapmış və perspektivli sahəsi oıan optoelektronikanın da, bərk cisim elektronikasının və ümumiyyətlə elektronikanın digər sahələri kimi, əksər cihaz, qurğu və sistemlərində müxtəlif funksiyalara, işləmə prinsipinə malik olan yaddaş elementləri əhəmiyyətli rol oynayır. Bu səbəbdən də ayrı-ayrı elmi-texniki istiqamətlərdə çalışan tədqiqatçılar – fiziklər, texnoloqlar, konstruktorlar və digərləri müntəzəm olaraq belə məqsədlər üçün yarayan daha böyük imkanlara, əlverişli keyfiyyətlərə malik olan operativ və arxiv yaddaş elementlərinin yaradılması, eləcə də artıq mövcud olanların yaddaş elementlərinin daha da təkmilləşdirilməsi istiqamətində axtarışlar aparırlar. Əksər hallarda bu tip funksional elementlər kifayət qədər mürəkkəb quruluşa və hazırlanma texnologiyasına malik olan müxtəlif tip kontakt strukturları, yaxud bir neçə sadə elementdən ibarət mürəkkəb komplekslər əsasında yaradılır. Bununla yanaşı, bir sıra amorf və kristal yarımkeçirici materiallar əsasındakı rezistor xarakterli, yəni heç bir kontakt strukturuna, yaxud mürəkkəb kompleksə malik olmayan sadə elementlərdə də müxtəlif xarakter və təbiətli yaddaş effektləri müşahuidə olunur. Belə yarımkeçirici materiallardan bir qrupu da fundamental və praktiki tətbiq baxımından çox maraqlı və rəngarəng yaddaş xassələrinə malik olan laylı quruluşlu AIIIBVI yarımkeçiricilərinin monokristallarıdır. Həmin monokristallarda müşahidə olunan fotoelektrik və spektral tipli optik, eləcə də çeviricilik xarakterli elektrik-yaddaşı hadisələrinin eksperimental tədqiqi zamanı əldə olunmuş nəticələrin təhlili əsasında göstərilib ki, bu zaman əldə olunmuş nəticələr qismən qeyri-bircins kristal yarımkeçiricilərin fizikasını inkişaf etdirməklə yanaşı, həm də müasir bərk cisim elektronikasında və opotoelektronikada maraqlı praktiki tətbiq imkanlarına malikdir. Bu kristallar əsasında müxtəlif xarakterli və prinsipcə yeni optik və elektrik yaddaş elementləri yaratmaq mümkündür.