Görkəmli astrofizik Rəhim Hüseynovun 100 yaşı tamam olur
2024-cü il sentyabr ayının 9-da Azəraycanda astrofizika elm sahəsi üzrə ilk elmlər namizədi və elmlər doktoru elmi dərəcələrini almış görkəmli astrofizik alim Rəhim Əyyub oğlu Hüseynovun 100 illiyidir.
Rəhim Əyyub oğlu Hüseynov 1924-cü il sentyabr ayının 9-da Şuşa səhərində anadan olub. 1933-cü ildə ailəsi ilə Ağdam şəhərinə köçüb və yüksək hazırlığına görə, xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin birbaşa IV sinfinə qəbul edilib. 1937-ci ildə bu məktəbin VII sinfini əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirib. 1940-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək, həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Rəhim Hüseynov 1946-1949-cu illərdə "astrofizika" ixtisası üzrə universitetin aspirantı olub.
Rəhim Hüseynov 1949-1951-ci illərdə Azərbaycan Dövlət Universitetində Astronomiya laboratoriyasında baş laborant, 1951-1953-cü illərdə astronomiya üzrə müəllim, 1953-1954-cü illərdə "astrofizika" ixtisası üzrə baş müəllim, 1954-1961-cı illərdə dosent vəzifələrində çalışıb. 1946-cı ilin yayında Azərbaycan Elmlər Akademiyası və Azərbaycan Dövlət Universitetinin respublikada gələcək Astrofizika Rəsədxanası üçün əlverişli yerin seçilməsi məqsədi ilə birgə elmi ekspedisiyanın iştirakçısı olub. 1953-cü ildən fəaliyyətdə olan Pirqulu Astronomiya stansiyasında (1956-cı ildən Şamaxı Astrofizika Rəsədxanası) 1957-1960-cı illərdə "Günəş fizikası" şöbəsinə rəhbərlik edən Rəhim Hüseynov 1961-1975-ci illərdə Azərbaycan EA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini və Günəş fizikası şöbəsinin müdiri olub.
Rəhim Hüseynovun gərgin əməyi nəticəsində rəsədxana təşkil olunanda onun baş planında nəzərdə tutulan və bir neçə il öncə Leninqradda xüsusi zavodda sifariş olunan Üfüqi Günəş Teleskopu alınaraq qurulub və işə salınıb. Rəsədxanada işlədiyi 20 ildən çox müddətdə bu elm ocağının yaranması və inkişafında Rəhim müəllimin müstəsna xidmətləri olub. R.Hüseynov "astrofizika" ixtisası üzrə 1953-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1976-cı ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcələrini almış ilk azərbaycanlı alimdir. 1977-ci ildə professor elmi adını alıb. 2001-ci ildə "astrofizika" ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib. Professor R.Hüseynov 1975-ci ildə Bakı Dövlət Universitetində təşkil olunmuş Astrofizika kafedrasının müdiri təyin olunub, 17 il bu vəzifədə, 1992-ci ildən ömrünün sonuna qədər isə həmin kafedranın professoru vəzifəsində çalışıb. Alimin əsas elmi istiqaməti astrofizika və radioastronomiya, Günəşin radiooptik şüalanma xüsusiyyətləri və relyativist elektronların Günəşin məhəlli maqnit sahələrində şüalanması, Günəşin alışmalarının ilk mərhələsinə güclü nöqtəvi partlayış nəzəriyyəsinin tətbiqi, planetar dumanlıqların əsas parametrlərinin təyini üsulları olub. Professor R.Hüseynov ilk dəfə Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalanmasında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rol oynadığına aid hipotez irəli sürüb. Eruptiv ulduzlarda da relyativist elektronların analoji rol oynadığını nəzərə alsaq, bu hipotezin geniş imkanlara malik olduğunu görmək olar. Qaz dinamikası çərçivəsində yüksək temperaturlu hidrogen plazmasında güclü partlayış nəzəriyyəsinin günəş alışmalarının başlanğıc fazasına tətbiqi göstərib ki, bu ifrat qeyri-stasionar törəmələr incə quruluşlu olmalıdır. Bu nəzəriyyənin tətbiq dairəsi çox genişdir. Bununla yanaşı planetar dumanlıqlara qədər məsafənin və onların nüvələrinin radiusunun yeni təyini üsulları onun tərəfindən işlənmişdir.
Professor R.Ə.Hüseynov 170-dən artıq elmi məqalənin, 6 elmi-kütləvi kitabın, bir monoqrafiyanın, ali və orta məktəblər üçün Astronomiya dərsliklərinin və doqquz min söz və ya söz birləşməsindən ibarət Azərbaycanca-rusca-ingiliscə astronomiya lüğətinin müəllifi olub. Onun 1997-ci ildə yazdığı 500 səhifəyə yaxın “Astronomiya” və 2010-cu ildə yazdığı 400 səhifəyə yaxın “Ümumi Astrofizika “ dərsliyi bu gün də müəllimlərin, magistr və bakalavr təhsil səviyyəsində təhsilalanların stolüstü kitabıdır.
Professor R.Ə.Hüseynov 1969-cu ildən Beynəlxalq Astronomiya İttifaqına üzv seçilib və bu ittifaqın ABŞ-da, Çexoslovakiyada, İngiltərədə keçirilən qurultaylarında iştirak edib. Baş Astronomiya (Pulkovo) Rəsədxanasında, Krım Astrofizika Rəsədxanasında, Moskva, Sankt-Peterburq, Kiyev universitetlərində, Rumıniya, Çexoslovakiya və Türkiyənin elmi təhsil mərkəzlərində və müəssisələrində çoxsaylı elmi məruzələrlə çıxış edib. O, həmçinin Avropa Astronomiya Cəmiyyətinin də üzvü olub.
2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
AMEA-nın müxbir üzvü Rəhim Hüseynov 2012-ci ildə vəfat edib.
BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrası 2024-cü il dekabr ayının sonlarında Azərbaycanda müsir astrofizikanın yaradıcılarından biri, görkəmli astrofizik AMEA-nın müxbir üzvü, professor Rəhim Hüseynovun 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirməyi nəzərdə tutur.