İsmət Nəcəfov-90
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu qiyməli misraları göstərir ki, xalqımız hələ neçə əsr bundan əvvəl elmə, alimə necə yüksək dəyər verib. Hər bir xalqın milli şüurunun formalaşması onun aydınları ilə, elminin və təhsilininin inkişafı ilə bağlıdır. Son zamanlar inkişaf etmiş qabaqcıl ölkələrdə elm və təhsilin əlaqələnməsinə, hər iki sahənin paralel şəkildə inkişaf etməsinə xüsusi diqqət verilir. Bu mənada xalqımızın maariflənməsində, ölkəmizdə elmin və təhsilin inkişafında alimlərimizin və ziyalılarımızın xidmətləri əvəzsizdır.
Bütün şüurlu ömrünü təhsilin və elmin inkişafına, gənc nəslin təlim və tərbiyəsinə, yüksək ixtisaslı kadrların hazırlanmasına sərf etmiş aydınlarımızdan biri də AMEA-nın müxbir üzvü, "Şöhrət" ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor İsmət Nəcəfovdur. Professor İsmət Nəcəfov Bakı Dövlət Universitetinin (BDU) simasını müəyyənləşdirən qabaqcıl ziyalılardan biri olub. İstər alim, istər pedaqoq, istərsə də ziyalı kimi bütöv bir şəxsiyyət olan İsmət Nəcəfov ömrünün məhsuldar 55 ili ərzində universitetdə böyük işlər görüb və böyük nüfuz qazanıb.
İsmət Məhəmməd oğlu Nəcəfov 21 yanvar 1933-cü ildə Qax rayonun dilbər guşələrindən biri olan Sarıbaş kəndində sənətkar ailəsində dünyaya gəlib. Onun ailəsi elmə və təhsilə çox önəm verən bir ailə olub. O, orta təhsilini Qax rayonunda alıb və 1950-ci ildə orta məktəbi medalla bitirib. Elə həmin ili də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə yalnız əla qiymətlər alıb və Stalin təqaüdünə layiq görülüb. Tələbəikən onda fizika elminin nəzəri problemlərinə maraq yaranıb. 1955-ci ildə Abdulla Muxtarovun rəhbərliyi ilə yerinə yetirdiyi "Elektronun spin hallarının tormozlanma şüalanmasına təsiri" adlı elmi tədqiqat işi SSRİ Ali Təhsil Nazirliyinin I mükafatına layiq görülüb. O, 1955-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib.
İsmət Nəcəfov 1956-cı ildə Moskva Dövlət Universitetində dünya şöhrətli alim akademik N.N. Boqolyubovun rəhbərlik etdiyi Nəzəri fizika kafedrasının aspirantı olub. O, Moskva Dövlət Universitetində Stalin, Lomonosov, SSRİ Dövlət mükafatları laureatı olmuş professor A.A. Sokolovun rəhbərliyi ilə elmi tədqiqatlar aparıb. İsmət Nəcəfov 1959-cu ildə aspiranturanı bitirərək Moskva Dövlət Universitetində "Tormozlanma şüalanması və elektron-pozitron cütünün fotodoğulması proseslərində polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. O, ilk dəfə kristal mühitdə yüksək enerjili zərrəciklərin polarizasiyasını nəzərə alaraq kristalda tormozlanma şüalanması və elektron cütünün fotodoğulması proseslərinin tam nəzəriyyəsini nəzəri olaraq tədqiq edib. İsmət Nəcəfov 1975-ci ildə “Yüksək enerjilərdə sərt fotonların iştirakı ilə elektromaqnit prosesləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
İsmət Nəcəfovun demək olar ki, bütün səmərəli elmi və pedaqoji fəaliyyəti BDU-nun köklü kafedlarından biri olan Nəzəri fizika kafedrası ilə bağlıdır. O, Nəzəri fizika kafedrasında 1959-1963-cü illərdə baş müəllim, 1963-1977-ci illərdə dosent, 1977-ci ildən ömrünün sonunadək isə professor vəzifələrində işləyib. O, 1988-2004-cü illərdə Nəzəri fizika kafedrasına rəhbərlik edib. Bütün bu illər ərzində o, intensiv elmi-tədqiqat işləri aparıb. İsmət Nəcəfovun elmi fəaliyəəti çoxsahəli olub və nəzəri fizikanın bir çox bölmələrini əhatə edir. O, nəzəri fizikanın mürəkkəb istiqamətlərindən sayılan sahənin kvant nəzəriyyəsi, elementar zərrəciklər, nüvə fizikası, yüksək enerjilər fizikası üzrə ciddi elmi tədqiqatlar aparıb. Onun elmi araşdırmaları yüksək enerjili zərrəciklərin-leptonların, hadronların və qamma-kvantların bir-birilə qarşılıqlı təsirlərinin öyrənilməsinə, nüvələrdə və həmçinin kristall mühitlərdə qeyri-elastiki qarşılıqlı təsirinin müxtəlif aspektlərinin nəzəri tədqiqinə, fundamental qarşılıqlı təsirlərin təbiətinə, zərrəciklərin və nüvələrin strukturu haqda əlavə məlumatların alınmasına, zərrəciklərin polyarizasiyasının qarşılıqlı təsir proseslərinə verdiyi əlavələrin hərtərəfli təhlilinə həsr olunub.
İsmət Nəcəfovun elmi yaradıcılığında üç istiqamət mühüm yer tutur: 1) Təklənmiş nüvə sahəsində zərrəciklərin yaratdığı qeyri-elastiki elektromaqnit effektlər, 2) Yüksək enerjili leptonların və γ-kvantların kristal mühitdə yaratdığı qeyri-elastiki proseslər, 3) Qarşı-qarşıya gələn zərrəciklər dəstələrində gedən annihilyasiya və doğulma prosesləri və Standart modelin yoxlanılması. O, yönəlmiş spinə malik elektronun və γ-kvantın nüvə sahəsində yaratdığı tormozlanma şüalanması və elektron-pozitron cütünün fotodoğulması proseslərini hərtərəfli nəzəri tədqiq edib və çox mühüm nəticələrə nail olub. Onun aldığı elmi nəticələr sonralar məşhur nəzəriyyəçi olan Daysonun və digər alimlərin - Mak Voy, Banerye, Fronsal, Üveral, Olsen və başqalarının işlərində bu və ya digər xüsusi şəkildə təkrar olunub və təsdiq edilib.
İsmət Nəcəfov nüvəyə mürəkkəb quruluşa malik bir sistem kimi baxaraq, onun elektromaqnit quruluşunu xarakterizə edən həm elastik form-faktorlarını, həm də qeyri-elastik struktur funksiyalarını nəzərə almaqla məsələni genişləndirib və mühüm elmi nəticələr alıb. O, çox fotonlu tormozlanma şüalanması və nüvə sahəsində γ-kvantın elektron-pozitron cütünü və bir neçə fotonu yaratması proseslərini nəzəri tədqiq edib, bu proseslərdə ümumi bir qanunauyğunluq tapıb. O, çoxillik gərgin elmi-tədqiqatlar nəticəsində elementar zərrəciklər sahəsində yeni bir elmi istiqamət yaradıb. O, yüksək enernjili zərrəciklərin və γ-kvantların kristal mühitlərlə qarşılıqlı təsiri nəticəsində yaranan müxtəlif qeyri-elastik elektromaqnit proseslərdə koherent və qeyri-koherent effektləri araşdırıb və zərrəciklərin polyarizasiya xarakteristikalarının proseslərin yaranma ehtimallarına təsirini nəzəri olaraq tədqiq edib. Qeyd edək ki, bu nəzəri tədqiqatların praktik nəticəsi olaraq onun kristall mühitdə tormozlanma şüalanmasının sirkulyar polyarizasiyası üçün aldığı ifadələr dünyanın bir çox elmi mərkəzlərinin elektron sürətləndiriciləri üçün işçi düsturlar olub. İsmət Nəcəfov ilk dəfə kristall mühitlərdə elektromaqnit leysanının kaskad nəzəriyyəsini verib. O, kristalda elektromaqnit leysanının yaranmasını təsvir edən inteqro-diferensial tənliklər yazıb və onları həll edərək sonlu yığcam ifadələr alıb. O, leysan zərrəciklərinin polyarizasiyasını nəzərə alaraq ilk dəfə kristall mühitdə polyarizələnmiş leysanın kaskad nəzəriyyəsini təklif edib.
İsmət Nəcəfov "Nüvə spektroskopiyası və atom nüvəsinin quruluşuna" aid 26-cı (1976-cı il) və 38-ci (1988-ci il) Beynəlxalq konfransların Azərbaycanda keçirilməsinin təşkilatçısı və həmsədri olub. O, 40-dan artıq Beynəlxalq konfranslarda (o cümlədən "Ядро-2000, -2002, -2003, -2004, -2005, -2006, -2007, -2008, -2009") məruzə ilə çıxış edərək universitetimizi və respublikamızı layiqincə təmsil edib. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 170-dən çox elmi məqalənin müəllifidir. Onun bir çox məqaləsi ABŞ-ın Stenford Universiteti və SLAK beynəlxalq elmi mərkəzinin elmi fonduna daxil edilib. Azərbaycanda nəzəri fizika məktəbinin inkişafında İsmət Nəcəfovun xidmətləri olduqca böyükdür. Onun rəhbərliyi ilə 8 nəfər namizədlik dissertasiya işini müdafiə edib. İsmət Nəcəfov BDU-nun Böyük Elmi Şurasının və Fizika fakültəsinin Elmi Şürasının, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fizika elm sahəsi üzrə Ekspert Şurasının üzvü və D/N 054.03.07 İxtisaslaşdırılmış Dissertasiya Şurasının uzun müddət sədri olub və respublikamızda yüksək ixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib.
İsmət Nəcəfovun respublikamızda ali və orta təhsil sisteminin təkmilləşdirilməsi və inkişafında, elmi biliklərin geniş yayılmasında da böyük rolu olub. O, 1978-1988-ci illər ərzində tələbələrin, aspirantların və gənc tədqiqatçıların respublika elmi konfranslarında "Fizika" bölməsinin daimi sədri olub, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fizika üzrə Elmi-metodiki Şürasına rəhbərlik edib. Respublikamızın həm ali, həm də orta təhsil məktəbləri üçün Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasında da İsmət Nəcəfovun böyük xidmətləri olub. O, "Nəzəri fizika kursu"-nun I cildini (Leviç və başqaları), "Elektrik bəhsi"-ni (S.Q. Kalaşnikov), 9-11-ci siniflər üçün "Fizika" dərsliklərini Azərbaycan dilinə tərcümə edib. Onun Azərbaycan dilində yazdığı "Müasir klassik elektrodinamika" adlı dərsliyi fizika ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda Fizika elminin inikişaşafında və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə görə İsmət Nəcəfov müstəqil respublikamızın Şöhrət ordeninə, Respublikanın əməkdar müəllimi fəxri adına, Təhsil Nazirliyinin və Universitetinin fəxri fərmanlarına layiq görülüb. Gözəl müəllim, tanınmış alim, sadə insan İsmət Nəcəfov uzun sürən ağır xəstəlikdən sonra 2015-cı il fevral ayının 6-sı 82 yaşında vəfat edib.
Bu gün İsmət müəllimin ölmündən sonra 90 illik yubleyi qeyd olunur. İsmət müəllim geniş biliyə malik şəxsiyyət, qayğıkeş pedaqoq, fizikanın aktual problemlərinə bələd olan tədqiqatçı alim, ləyaqətli insan, nümunəvi ailə başçısı idi. O, gənc yaşlarından elmi-pedaqoji fəaliyyətə başlayaraq, sıravi müəllimlikdən Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər yüksəldi. Onun fizika elminin inkişafında, eləcə də gənc alimlərin formalaşmasında əməyi danılmazdır. Məhsuldar elmi yaradıcılığına, təşkilati işlərinə və ictimai fəaliyyətinə görə professor İsmət Nəcəfovun keçdiyi mənalı ömür yolu indiki və gələcək nəsillərə gözəl nümunədir. İsmət müəllimin miras qoyduğu elmi irsi və şərəfli ömr yolu heç vaxt unudulmayacaq. Yetirmələri, övladları, nəvələri onu daim yaşadacaqdır.
Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!
El qədrini canından daha əziz bilənlər,
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
İnsan Tanrının hökmü ilə dünyaya gəlir, göyün altında və yerin üzərində yaşayır, Tanrının hökmü ilə də dünyadan köçür. İnsanın dünyaya gəlişi sevincli, dünyadan gedişi isə ağrılı və acılı olur. Əsl insan sevincini başqası ilə bölüşür, başqasının acısına isə şərik olur. İsmət müəllim əsl insan idi. Allah İsmət müəllimə rəhmət eləsin!
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev
Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov