Nəzəri fizika kafedrasının elmi seminarında magistrant çıxış edib
01 aprel 2024-cü ildə Fizika fakültəsi Nəzəri fizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın Yüksək enerjilər fizikası ixtisası üzrə II kurs magistrantı Yusifov Samir Pənah oğlu "Geomaqnit qasırğaları və növləri" mövzusunda məruzə edib.
Məruzəçi qeyd edib ki, yüksək sürətli yüklü zərrəciklər seli olan Günəş küləyi Yerin geomaqnit şəraitini dəyişə bilir, elektron qurğu və avadanlıqlarına, kosmik rabitə hərbi sistemlərinə, uzaqdan idarə olunan uçuş aparatlarına, elektron mərmi və mina qurğularına təsir edir, uçuş trayektoriyasının, hədəf nöqtəsinin təhrif olunması, qurğuların spontan işə düşməsi kimi problemlər yarada bilir. O, müasir dövrdə Günəş küləyinin öyrənilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb. Bildirib ki, Günəş küləyinin səbəb olduğu geomaqnit qasırğalar peyklərin idarə olunmasında, onların sonrakı fəaliyyətinin təşkil olunmasında maneələr yaradır. Bu, yerləşdirmə sistemlərinə, naviqasiya sistemlərinə və ya rabitə peyklərinə təsir göstərərək, bu sistemlərin işləməsini təmin edən bütün infrastruktura əhəmiyyətli ziyan vura və maliyyə itkisinə səbəb ola bilər.
Məruzədə Günəş küləyinin yaratdığı dalğa cəbhəsinin mərkəzində baş verən sürətlənmə prosesinə baxılıb. Bu hissələrdə zərrəciklərin sürətlənməsi prosesi demək olar ki, eyni intensivlikdə baş verir. Eninə diffuziya sürətlənmə oblastların kənarlarında boşluqlar yaranmasına səbəb olur.
Zərrəciklərin sürətlənməsi prosesində kvazi xətti yaxınlaşma tətbiqi əsaslandırılıb, riyazi ifadələr alınıb. Alınan ifadələr yüklü hissəciklərin sürətləndirilməsi prosesinin öz-özünə ardıcıl təsviri və Yerə yaxın dalğa zərbəsi cəbhəsi yaxınlığında və cəbhələrin yaxınlığında Alfven dalğalarının yaranması probleminin ədədi həlli üçün səmərəli alqoritm hazırlamağa, həmin alqoritmin tətbiqi isə daxili heliosferdə zərbə dalğaları ilə sürətlənmiş yüklü hissəciklərin və Alfven turbulentliyinin öz-özünə ardıcıl generasiyası probleminin ədədi həllini əldə etməyə imkan verir.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.