QİSAS QİYAMƏTƏ QALMADI
Xocalı soyqırımı – xalqımızın qaysaqlamayan yarası! Tarixdə törədilmiş ən dəhşətli faciələrdən biri! XX əsrin sonlarında faşizmin yeni forması olan ermənizmin əsl mahiyyətini ortaya qoyan faciə! 30 ildən çoxdur ki, ürəklərimizdə asılıb qalmış ağır bir daşdır Xocalı faciəsi. Yeganə ”günahı” azad yaşamaq istəyi olan xalqımızı cəzalandırmaq üçün törədilən bəşəri cinayətdir Xocalı faciəsi. Fransa kimi bəzi dövlətlərin üzünə taxdığı mələk maskasının yırtıldığı andır Xocalı faciəsi.
1992-ci ilin fevralın sonu Azərbaycan xalqının tarixinin ən ağır günləri idi. Bizi yenidən imperiya boyunduruğuna salmaq istəyən qüvvələrin silahsız və müdafiəsiz insanlara divan tutmaq, xalqımıza gözdağı vermək üçün insan adına layiq olmayan quldur sürüsü Xocalıya hücum etdi. Yaşlı, cavan, uşaq, qadın, kişi – yüzlərlə dinc insan öldürüldü, yaralandı, itkin düşdü. Dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədildi. Bu cür vəhşiliklər məhz bu gün özünü demokratiyanın təmsilçisi kimi göstərən Qərb dünyasına xasdır: onlar tarix boyu xaç yürüşlərində, eləcə də müstəmləkə etdikləri Afrika, Asiya və Amerikanın aborigen xalqlarına qarşı məhz bu cür vəhşiliklər – dinc əhaliyə qarşı normal insanın ağlının qəbul edə bilməyəcəyi işgəncələr, zülmlər törədiblər. 1995-cı ildə, “demokratik” Avropanın tam ortasında, həmin “demokratik” Avropanın gözü qarşısında Bosniya müsəlmanlarına qarşı tərədilmiş Srebrenitsa qətliamı kimin hansı mənəvi dəyərlərin daşıyıcısı olduğunu açıq-aydın göstərdi.
Lakin, Xocalı təkcə faciə deyildi. Xocalının timsalında dünya bütöv bir xalqın mübarizlik əzmini, cəsarətini, əyilməzliyini gördü. Bu hadisələrdə xalqımızın qəhrəman oğullarının şücaəti faciənin daha böyük olmasının qarşısını aldı. Xocalının müdafiəsinə rəhbərlik edən Azərbaycanın Milli qəhrəmanı Əlif Hacıyev yüzlərlə insanın həyatını xilas etdi. Həmin hadisələrdə Ağdam özünümüdafiə batalyonunun komandiri, bu gün qələbələri ilə bizi qürurlandıran “Qarabağ” futbol komandasının kapitanı və məşqçisi olmuş Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun xidmətləri xüsusi qeyd olunmalıdır. Allahverdi Bağırov öz şəxsi nüfuzu hesabına 1003 nəfər Xocalı sakinini əsirlikdən azad etmişdir. Onun şəxsi təşəbbüsü və ciddi səyi nəticəsində ən amansız erməni vəhşilikləri teleoperator Seyidağa Mövsümlü tərəfindən video kamera vasitəsi ilə lentə köçürülmüşdür. Qısa və şərəfli ömür sürmüş, azadlığımız uğrunda şəhid olmuş belə igidlərimizin həyatı gənclərimiz üçün bir qəhrəmanlıq nümunəsidir.
Xocalı faciəsinin baiskarları təkcə ermənilər deyildi. Daha çox ermənilərə silah verənlər, onların terror dəstələrinə öz ərazilərində sərbəst yaşamağa imkan verənlər, SSRİ-nin dağılmasından sonra azadlığa şıxmış türk xalqlarının birləşmə perspektivini görən, bu birliyin əsas həlqəsi olan Azərbaycanı sıradan çıxarmaq, zəif salmaq istəyən qüvvələr bu faciənin əsas günahkarları idilər. Bəli, bu gün artıq reallığa çevrilmiş türk birliyi, türk dünyası həmişə Qərbin ən qorxulu yuxusu olub. Ermənilərə göstərdikləri hərtərəfli dəstək də məhz bu qorxulu yuxunun gerçəkləşməməsi üçündü.
Ağır idi, çox ağır idi həmin günləri yaşamaq. Sanki hər tərəfdən işgəncələrə məruz qalan insanlarımızın fəryadı yüksəlirdi, həyatını yaşamamış körpələrin baxışları bizi təqib edirdi. Təklənmişdik, köməksizdik. Bu gün fəxr etdiyimiz türk dünyasının qurulmasına hələ çox vardı, bir çox türk xalqlarının özünüdərk prosesi yeni başlamışdı. Yardım istəyəcək kimsəmiz yoxdu, bir qardaş Türkiyəmizdən başqa. O da, hələ o qədər güclü deyildi. Belə ağır zamanda Azərbaycanın xilaskarı Ulu Öndər Heydər Əliyev xalqının imdadına yetişdi. Ölkəsinin nə qədər çətin vəziyyətdə olduğunu yaxşı başa düşən Heydər Əliyev bütün mümkün təhdidləri və təhlükələri düzgün qiymətləndirərək yeni, müstəqil Azərbaycan dövlətinin qurulmasına başladı. Görüləcək çox işlər vardı- güclü iqtisadi potensialın yaradılması, güclü intizamlı müasir ordunun formalaşdırılması, müstəqilliyimizə qarşı yönəlmiş bütün mümkün təhlükələri zərərsizlədirə bilən, Azərbaycanı beynəlxalq aləmə tanıdan və qəbul etdirən xarici siyasətin aparılması, Azərbaycan əhalisini bir amal ətrafında birləşdirəcək, milli həmrəyliyimizin əsası olan ideologiyanın formalaşdırılması. Hakimiyyətdə olduğu 10 il ərzində Ulu Öndər bu vəzifələri böyük mənada uğurla həll etdi. Əsrin müqaviləsi iqtisadi dirçəlişimizin başlanğıcı oldu, müasir biliklərə malik kadrları və silah-sursatı olan ordu quruculuğunun əsası qoyuldu, Azərbaycanın beynəlxalq nüfuzu artdı, haqq işi daha çox dövlətlər tərəfindən tanınmağa başladı, xarici dövlətlərdə fəal Azərbaycan diasporası formalaşdı. Bu işlərin sırasında xüsusilə Xocalı faciəsi barədə həqiqətlərin daha çox ölkələrdə yayılması üzrə fəaliyyət qeyd olunmalıdır. Bir sıra ölkələrin parlamentləri, beynəlxalq qurumlar, hətta ermənilərin çox fəal olduqları ABŞ-ın bir çox ştatları Xocalı faciəsini soyqırımı kimi tanıdılar. Bununla da ermənilərin uzun illər boyu Azərbaycana və Türkiyəyə qarşı apardığı informasiya savaşının süqutu başladı – artıq onların “vəhşi türklər”, “erməni soyqırımı” kimi nağıllarına yalnız öz havadarları və ənənəvi türk düşmənləri inanırdılar. Azərbaycan xalqının bir amal ətrafında birləşməsində Heydər Əliyevin azərbaycançılıq ideologiyası müstəsna rol oynadı. Bu ideologiya bizim milli həmrəyliyimizin əsası oldu və öz ətrafında təkcə Azərbaycanda deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıları birləşdirdi.
Və qisas qiyamətə qalmadı. Ulu Öndərin yaradığı müstəqil Azərbaycanın dayaqları üzərində yeni, güclü bir Azərbaycan quruldu və bu Azərbaycanı onun layiqli davamçısı Prezident İlham Əliyev qurdu. Azərbaycan, dünyada baş verən hər cür təlatümlərə, sarsıntılara davam gətirə bilən bir iqtisadiyyata, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü hər cür təhdidlərdən qorumağa qabil olan müasir orduya malik, beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevrildi. Bütün bu görülən işlərin ən böyük nəticəsi isə 30 il işğal altında qalmış torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün tamamilə bərpası oldu. Azadlıq, müstəqillik uğrunda verdiyimiz şəhidlərin qanı yerdə qalmadı. Bəli, biz qisas aldıq, torpağımıza göz tikənlərdən, müstəqilliyimizi gözü götürməyənlərdən qisas aldıq! Amma, biz onlar kimi vəhşiliklər törətmədik. Biz dünyaya insanlıq dərsi keçməklə ermənilərdən və onların havadarlarından qisas aldıq. Biz göstərdik ki, dinc əhaliyə qarşı vəhşiliklər törətmədən də torpağı azad etmək olar. Bir terroristi məhv etmək üçün uşaq-qadın bilmədən bütöv bir binanı, məhəlləni bombalayanlardan fərqli olaraq, Azərbaycan nə mülki əhalini, nə də mülki infrastrukturu hədəf aldı. Erməniləri də, onların havadarlarını da məyus edən, qızdıran bizim dünyaya keçdiyimiz bu insanlıq dərsi oldu. Atalarımız, babalarımız, ulu babalarımız yaşamış və onlardan bizə yadigar qalmış öz halal torpağımızı azad etdiyimiz üçün kimsə bizə bir söz deyə bilmir. Qeyri-insani davranışda bizi ittiham etməyə əllərində heç bir fakt da yoxdur. Ermənistanı yeni savaşa həvəsləndirmələrinin, təhrik etmələrinin, Azərbaycana qarşı Avropa siyasi institutlarında aparılan qərəzli kampaniyanın səbəbi də budur.
Qarabağ artıq azaddır. Ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycan dünyada söz sahibi bir dövlətə çevrilib. Azərbaycan və Türkiyənin öncüllüyü ilə günü-gündən güclənən türk birliyi yaranıb və bizim Qarabağ zəfərimizdən sonra bu birlik cənab Prezident İlham Əliyevin dediyi kimi, “bir ailə”yə çevrilib. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Haqq işi uğrunda şəhid olanların ruhu cənnətə gedər deyilir. Bu gün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi həssaslığı və diqqəti ilə yenidən qurulan, çiçəklənən Qarabağımız da bizim şəhidlərimizin, o cümlədən Xocalıda şəhid olan vətəndaşlarımızın ruhunun huzr tapacağı bir cənnətə çevriləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları daima şad olsun!
BDU Fizika fakültəsinin dekanı: Bəxtiyar Paşayev
BDU Fizika fakültəsinin dekan müavini: Məhəmməd Məhərrəmov