Təbrik edirik
Bu gün xalqımızın görkəmli alimlərindən, tanınmış ziyalılarından biri olan, Bakı Dövlət Universitetinin “Optika və molekulyar fizika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Niftalı Qocayevin ad günüdür.
Niftalı Mehralı oğlu Qocayev 18 oktyabr 1936-cı ildə Qərbi Azərbaycanın Dilican rayonunun Göyərçin kəndində anadan olub. 1953-cü ildə Gölkənd kənd orta məktəbini qızıl medalla bitirib. 1953-cü ildə BDU-nun Fizika fakültəsinə daxil olub. Əla qiymətlərlə oxuduğuna görə üçüncü kursdan adlı təqaüdə (Lenin təqaüdü) layiq görülüb. “K-təbəqədən fotoeffektin relyativistik nəzəriyyəsi” mövzusunda məruzəsi Kiyev Dövlət Universitetində keçirilən Ümumittifaq tələbə elmi tədqiqat işi müsabiqəsində qalibi olub və fərqlənmə diplomuna layiq görülüb. 1958-ci ildə BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib. 1959-1961-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Leninqrad (Sankt-Peterburq) şəhərində yerləşən Yüksəkmolekullu Birləşmələr İnstitutunun aspiranturasında təhsil alıb. Akademik M.V. Volkenşteynin elmi rəhbərliyi ilə elmi fəaliyyətini davam etdirib. 1961-cü ildə Yüksəkmolekullu Birləşmələr İnstitutunda "Dezoksiribonuklein turşusunun reduplikasiyasının termodinamik və kinetik məsələləri" mövzusunda dissertasiya müdafiə edərək "biofizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb və ilk azərbaycanlı biofizik alim olub. 1967-ci ildə dosent, 1979-cu ildə isə professor elmi adını alıb. 2003-cü ildə "Tripsin inhibitorunun nəzəri konformasiya analizi və onun tripsin molekulu ilə qarşılıqlı təsirinin konformasyon-elektron aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "biofizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
Niftalı Qocayev universiteti bitirdikdən sonra təyinatı üzrə BDU-nun “Optika və molekulyar fizika” kafedrasında ilk əmək fəaliyyətinə başlayıb. O, “Optika və molekulyar fizika” kafedrasında 1958-1959-cu illərdə laborant, 1961-1962-ci illərdə baş laborant, 1963-1964-cü illərdə müəllim, 1964-1966-cü illərdə baş müəllim vəzifələrində çalışıb. 1965-1967-ci illərdə İttifaq Ali Məktəbləri müəllimlərinin İxtisasını Artırma Fakultəsinin dekanı olub. 1968-1984-cü illərdə BDU-nun “Optika və molekulyar fizika” kafedrasının müdiri, 1980-2005-ci illərdə BDU-nun Molekulyar biofizika elmi-tədqiqat problem laboratoriyasının müdiri, 2005-2018-ci illərdə Fizika Problemləri ETİ-nin “Nəzəri Fizika” şöbəsinin müdiri işləyib. 1993-1998-ci illərdə Türkiyədə - Ərzurum Atatürk və İstanbul universitetlərində professor vəzifəsində çalişıb. Eyni zamanda 1967-1994-cü illərdə Azərbaycan Respublikası Elm Cəmiyyətinin Fizika seksiyasının üzvü, 1980-1984-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranın Fizika və astronomiya seksiyasının sədri olub, 1989-1993-cü illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri vəzifəsini icra edib. 1998-ci ildə Azərbaycan Biofizika Cəmiyyətinin prezidenti seçilib. 2001-2016-cı illərdə əvəzçilik yolu ilə Qafqaz Universitetində Еlmi işlər üzrə prorektor vəzifəsində işləyib və Qafqaz Universitetinin elmi şurasının üzvü, “Journal of Qafqaz University” elmi jurnalının Baş Redaktoru olub.1916-cı ildən fizika üzrə “Journal of Baku İng. University” elmi jurnalının Baş Redaktorudur. Hal hazırda “Optika və molekulyar fizika” kafedrasının məsləhətçi professorudur. BDU-nun Fizika fakültəsinin, Fizika Problemləri ETİ-nin Elmi Şuralarının və Fizika fakültəsi nəzdindəki ED 2.19 Dissertasiya Şurasının üzvüdür.
Niftalı Qocayevin elmi fəaliyyətinin bir hissəsi molekulyar biofizikanın mühüm problemlərindən olan nuklein turşularının quruluşu və quruluş-funksiya əlaqələrinin tədqiqinə həsr edilib. DNT molekulunun reduplikasiyasının termodinamik və kinetik məsələlərinin həllinə dair mühüm elmi nəticələr alıb. DNT və zülalların molekulyar səviyyədə tədqiqi, həmçinin onların quruluş-funksiya əlaqələrinin öyrənilməsi sahəsində elmi tədqiqatlar aparıb, peptid və zülal təbiətli birləşmələrin-oliqopeptidlərin, hormonlarının, zülalların, fermentlərin quruluş-funksiya əlaqələrini araşdırıb. Оnun elmi rəhbərliyi ilə 27 nəfər namizədlik və doktorluq dissertasiya işlərini müdafiə ediblər. Müdafiə edənlər arasında Misir və İraq vətəndaşları da var. Bu işlərdə müxtəlif peptidlər sinfinə daxil olan peptid hormonlarının - melanotropinlərin, enkefalinlərinin, endorfinlərin, ekzorfinlərin, yuxu peptidlərinin, antibiotiklərin, sekretin, qlukaqon molekulunun, kardiofəal peptidlərin, qallatostatin molekulunun, neyrokinin və demorfin molekullarının, müxtəlif qlikopeptidlərin, oliqo-şəkərlərin və digər molekulların quruluş-funksiya əlaqələri tədqiq olunub. İlk dəfə olaraq zülal molekullarının fəza quruluşlarının nəzəri konformasiya analizi üsulu ilə hesablanmasının mümkünlüyü ideyasını irəli sürüb və əyani tətbiq olaraq 58 aminturşu qalığından ibarət zülal molekulunun fəza quruluşunu və bu quruluşun dəyişmə imkanlarını müəyyənləşdirib. Kompüter modelləşdirilməsi ilə ferment-inhibitor qarşılıqlı təsiri də onun tərəfindən tədqiq edilib. Ximotripsin və lizosim fermentlərinin ferment-inhibitor, ferment-substrat qarşılıqlı təsirləri öyrənilib, fermentli kataliz reaksiyalarının müxtəlif mərhələləri nəzəri olaraq təhlil edilib. Yerli və xarici jurnallarda dərc edilmiş 400-dən artıq elmi məqalənin, həmçinin 20-dən çox dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Ümumi fizika kursunun üç bölməsini əhatə edən 3-cildli “Mexanika”, “Molekulyar fizika” və “Optika” dərslikləri fizika müəllimlərinin və universitetlərin fizika fakültəsinin tələbələrinin stolüstü kitabıdır. Türk dilində nəşr etdirdiyi “Molekulyar fizika”, “Оptika”, “Molekulun quruluşu” (1-ci və 2-ci cild) dərslikləri Türkiyə tələbələri tərəfindən sevilərək oxunan kitablardandır. 1977-ci ildə keçmiş SSRi Ali Təhsil Nazirliyinin qrifi ilə İttifaq universitetləri tələbələri üçün tövsiyə olunan və Elm Nəşriyyatında (Moskva ş.) çap olunan “Optika” dərsliyi M.V.Lomonosov adına MDU-nun Fizika fakültəsinin Tədris Proqrqmında istifadə olunan ədəbiyyatlar sırasına daxil edilib. Bu dərsliyə rusdilli Ali məktəb tələbələrinin geniş ehtiacı olması nəzərə alınaraq Nəşriyyatın xahişi və müəllifin razılığı əsasında “Optika” dərsliyi 1996-cı ildə böyük tirajla təkrar nəşr olunmuşdur. Niftalı Qocayev fizika üzrə keçmiş SSRİ universitet tələbələri üçün tövsiyə olunan dərsliyi çap olunmuş yeganə azərbaycanlıdır.
Niftalı Qocayev 1977 və 1980-ci illərdə “Sosializm Yarışı Qalibi” döş nişanları ilə təltif olunub və iki dəfə Аmerikanın Şərəf Qızıl Medalına layiq görülüb. 2016-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2019-cu ildə "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı və Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Niftalı Qocayev tanınmış alim, ustad pedaqoq olmaqla yanaşı, həm də gözəl insandır. Fizika fakültəsi ailəsi olaraq Niftalı müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.