Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş Elmi seminar
Məlum olduğu kimi, hər il 4-10 oktyabr tarixlərində Ümumdünya Kosmos Həftəsi qeyd olunur. 04 oktyabr 1957-ci ildə Yerin ilk süni peykinin orbitə buraxılması ilə bağlı olan Ümumdünya Kosmos Həftəsinin qeyd olunması barədə qərar 2000-ci ildə BMT-nin Baş Assambleyasının bəyannaməsi ilə qəbul olunub. 10 oktyabr 2022-ci il tarixində keçirilən Fizika fakültəsinin növbəti elmi seminarı da bu hadisəyə həsr olunub. Seminarda Astrofizika kafedrasının dosenti Bayram Rüstəmov “Ulduzlar necə və harada yaranır” mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, XX əsrdə astrofizikanın ən mühüm nailiyyətlərindən biri ulduzların da insanlar kimi doğulub, yaşayıb və ölməsi barədə gəldiyi nəticədir. Məruzədə ulduzların bizim qalaktikada harada və necə yarandığı barədə müasir astrofiziki təsəvvürlərin formalaşma mərhələləri xronoloji ardıcıllıqla müşahidə faktları əsasında təsvir olunub. Ulduz göyünün sirri, astronomik tədqiqatların müasir elmi dünyagörüşün formalaşmasında rolu haqqında mülahizələr təqdim olunub, ulduz və planetlərin yaranması probleminin öyrənilməsi tarixi elmi-populyar şəkildə şərh edilib. Bayram Rüstəmov həmçinin kainatın yaranma tarixinin müəyyən edilməsi üzrə astrofiziki və geofiziki araşdırmaların nəticələrinə əsasən vahid fikrin formalaşdığını bildirdi. O, ulduzlar aləmində baş verən maraqlı proseslər, Süd yolu, ulduz topluları, səmada müşahidə olunan fərqli işıqlanmaların səbəbləri və s. barədə ətraflı məlumat verdi.
Sonda məruzə ətrafında maraqlı müzakirələr oldu, məruzəçi iştirakçıların suallarını cavablandırdı.