Doktorluq dissertasiya işinin müdafiəsi keçirilib
28 fevral 2022-ci ildə AzMİU-nun Fizika və Kimya kafedrasının dosenti, Bərk cisimlər fizikası sabiq dissertantı Hüseynov Hüseynağa İbrahim oğlunun Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasında 2211.01 – Bərk cisimlər fizikası ixtisası üzrə "Aşağıölçülü elektron sistemlərində anizotrop kinetik hadisələr" mövzusunda doktorluq dissertasiya işinin müdafiəsi keçirilib. Dissertasiya Şurasının sədri fizika elmləri doktoru, dosent Hüseyn Məmmədov iclası açıq elan edərək 12 nəfər Şura üzvündən 11 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirdi. Dissertasiya Şurasının elmi katibi f.-r.e.n. Bəxtiyar Paşayev Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış etdi. Hüseynağa Hüseynov dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məlumat verdi. Hüseynağa Hüseynov bildirdi ki, dissertasiya işi kosinusoidal dispersiya qanununa tabe olan ifratqəfəs və laylı sistemlərdə enerji spektri, səpilmə mexanizminin anizotropluğunun, həmçinin aşağıölçülü elektron qazının parametrlərinin və xarici sahənin təsiri ilə kinetik hadisələrdə yaranan anizotropluqun öyrənilməsinə həsr olunur. İşdə aşağıölçülü elektron sistemlərində aşqar ionlarından səpilmə mexanizmi işlənərək, enerji spektri və relaksasiya müddətinin anizotropluğunun rezistiv və qalvanomaqnit effektlərə təsiri tədqiq olunmuşdur. İfratqəfəslərdə fononlardan və aşqar ionlarından səpilmə hallarında Nernst-Ettinqshauzen əmsalı və onun maqnit sahəsinin qiymət və istiqamətindən, mini-zonanın dolma dərəcəsindən asılılıqlarındakı anizotropoluq tədqiq edilmiş və termomaqnit hadisələrin nəzəriyyəsi qurulmuşdur. Asimmetrik kvant çuxurunda səth potensialı, Fermi enerjisi, yarımparabolik kvant çuxur parametrlərinin elektron-fonon səpilməsi halında köçürmə hadisələrində yaratdığı anizotropluq tədqiq olunmuşdur.
Rəsmi opponentlər AMEA-nın müxbir üzvü, f.-r.e.d., professor Oktay Səmədov, f.e.d., professor Əli Hüseynov, f.e.d, professor Cahangir Hüseynov, f.e.d. Rəfiqə Mehdiyeva dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Sonra Şura üzvü, dissertasiya işinin elmi məsləhətçisi f.-r.e.d., professor Sofiya Fiqarova iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikrini söylədi.
Dissertasiya Şurasının üzvlərinin elektron gizli səsverməsi keçirildi və Şura üzvləri Hüseynağa Hüseynovun fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər. Gizli səsvermənin nəticələri əsasında BDU-nun nəzdindəki ED 2.19 Dissertasiya Şurası Hüseynağa İbrahim oğlu Hüseynova 2211.01 – Bərk cisimlər fizikası ixtisası üzrə fizika elmləri doktoru elmi dərəcəsi diplomunun verilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırdı.
Təbrik edirik!